Sosial şəbəkələrdə Sabirabad rayonu Axtaçı kənd ümumi orta məktəbinin qəzalı vəziyyətdə olması barədə xəbərlər yayılıb.
Modern.az məsələ ilə bağlı Mil-Muğan Regional Təhsil İdarəsi ilə əlaqə saxlayıb.
Qurumdan bildirilib ki, İdarənin əməkdaşları qəzalı vəziyyətdə olduğu bildirilən məktəbə baxış keçiriblər. Məlumata görə, sözügedən təhsil müəssisəsinin təmiri üçün aidiyyəti üzrə müraciət edilib: “Məktəblərin təmiri və tikintisi növbəlilik və prioritetlik prinsipi əsasında həyata keçirilir. İdarənin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi, müasir avadanlıqlarla təmin olunması, yeni binaların inşası və mövcud binaların əsaslı təmiri olunması əsas prioritetlərimizdir”.
Məlumatda qeyd edilib ki, son iki il ərzində Mil-Muğan Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən 5 məktəb əsaslı təmir edilib, 53 məktəbdə cari təmir işləri aparılıb. Bununla yanaşı, 8 yeni məktəb tikilərək istifadəyə verilib, 2 təhsil müəssisəsində isə tikinti işləri davam edir.