Eltun Süleymanov: "Şuşanın işğaldan azad edilməsi hərb tarixinin möcüzəsi hesab ediləcək qədər nadir hadisələrdən sayılır"
Cənab Prezident İlham Əliyev Türkiyənin “A Haber” televiziya kanalına müsahibəsində müxbirin Şuşa ilə bağlı sualına cavabında demişdir ki, "İşğal edilmiş torpaqların hər bir qarışı, hər bir şəhər bizim üçün doğmadır, əzizdir. Mənim üçün hər bir kəndin dəyəri, qiyməti o biri kəndlə müqayisədə, o biri şəhərlə müqayisədə eynidir, bərabərdir. Ancaq siz də yaxşı bilirsiniz ki, Şuşanın Azərbaycan xalqının qəlbində xüsusi yeri var. Bu, bizim tarixi şəhərimizdir, qədim mədəniyyət ocağıdır. Şuşa Azərbaycan xalqına bir çox istedadlı, dahi şəxslər bəxş edibdir. Əlbəttə ki, Şuşasız bizim işimiz yarımçıq olar". Bu doğrudan da belə idi və cənab Prezident bu doğrunu hər zaman qətiyyətlə səsləndirib. Dövlət başçısı onu da xüsusi vurğulayıb ki, Şuşanın işğaldan azad edilməsi qarşıda duran hədəflər arasında xüsusi yer tutur: “Biz buna çalışmalıyıq, biz buna nail olmalıyıq. Bu, nə zaman olacaq? Əlbəttə ki, onu yaxın gələcək göstərər”. Zaman o qüruru igid əsgərlərimizin rəşadəti, şəhidlərimizin qanı, qazilərimizin qəhrəmanlığı hesabına bizə yaşatdı.
Bu sözləri aia.az-a açıqlamasında Nəsimi Rayon İcra Hakimiyyəti yanında İctimai Şuranın sədr müavini Eltun Süleymanov deyib.
Müsahibimiz deyib ki, artıq 4 ildir Şuşa düşmən tapdağından, işğalçı nəfəsindən azad edilib. Ötən hər il sözün həqiqi mənasında xalqımız üçün qürur, şərəf və iftxar olub. 1992-ci ilin 8 mayından Ermənistan işğalçı qüvvələrinin zəbt etdiyi Şuşa şəhəri – Qarabağın baş tacı – 28 il 6 ay sonra, 2020-ci ilin 8 noyabrında işğaldan azad olundu. Şanlı Azərbaycan Ordusunun bu möhtəşəm zəfər xəbərini, Prezident, Ali Baş Komandan cənab İlham Əliyev Şəhidlər xiyabanından Azərbaycan xalqına müraciətində elan etdi. Noyabrın 8-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Fəxri xiyabanda və Şəhidlər xiyabanında oldular. Həmin gün indi də gözümün qabağındadır. Hər dəfə o günü xatırlayanda kövrəlirəm, dövlətimin başçısı ilə, şanlı ordumuzla fəxr edirəm. Fəxri xiyabana gələn dövlət başçısı və birinci xanım əvvəlcə ulu öndər Heydər Əliyevin xatirəsinə ehtiramlarını bildiriblər. Prezident İlham Əliyev ulu öndər Heydər Əliyevin abidəsi önünə əklil qoyduqdan sonra birinci xanım Mehriban Əliyeva ilə Şəhidlər xiyabanına gəliblər. Dövlət başçısı və birinci xanım Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad ediblər, məzarları önünə gül dəstələri düzüblər. Həmçinin cənab Prezident İlham Əliyev “Əbədi məşəl” abidəsinin önünə əklil qoyub. Azərbaycanın Dövlət Himni səsləndirilib və dövlət başçısı Şəhidlər xiyabanında Azərbaycan xalqına müraciət edib. Cənab Prezident müraciətində demişdir ki, “Mən bu gün, eyni zamanda, ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları”! Nə qədər məntiqli bir müraciət. Bu kəlmələrin hər biri özlüyündə bir tarixdir və tarixi keçmişimizdən xəbər verən hikmətdir. Müraciətdə səslənən bu fikirlər isə bir ömür mənimlə olacaq. “ Bu tarixi bir gündə Azərbaycan xalqına bu müjdəni vermək mənim həyatımda bəlkə də ən xoşbəxt günlərimdən biridir.
Əziz Şuşa, sən azadsan!
Əziz Şuşa, biz qayıtmışıq!
Əziz Şuşa, biz səni dirçəldəcəyik!
Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır”!
Şuşanın işğaldan azad edilməsi hərb tarixinin möcüzəsi hesab ediləcək qədər nadir hadisələrdən sayılır. Azərbaycan Ordusunun Şuşanı azadetmə əməliyyatı dünyanın ən böyük hərb institutları mütəxəssislərinin, ekspertlərin təəccübünə səbəb olub. Bu uğurlu əməliyyatdan sonra bir sıra böyük dövlətlər, ABŞ, Çin öz ordularında Azərbaycan əsgərinin döyüş təcrübəsini öyrənməyə başlayıb. Azərbaycan XTQ-nin Şuşada apardığı şəhər döyüşlərini hərb tarixinin "möcüzəsi" adlandırıblar. Şuşa düşmən işğalından azad olunduqdan sonra Azərbaycan əsgərinin iz saldığı o yollardan Ali Baş Komandan ailə üzvləri ilə keçərək Şuşaya getdi. Şuşada müqəddəs bayrağımızı ucaldan Müzəffər Ali Baş Komandan elə oradaca qətiyyətlə Şuşanın yenidən qurularaq bərpa olunacağını bildirdi. Azərbaycan Ordusu ermənilərin 30 ilə qət edib "möhkəmləndikləri" yerlərə 44 günə gəldi. Azərbaycan dövləti Ermənistanın dağıtdığı qədim şəhərimizi dörd ildir bərpa edib gözəlləşdirir.
Bu gün Şuşa əsl tikinti meydançasını xatırladır. Bir yandan sürətlə erməni vandallarının dağıdıb viran qoyduqları tarixi abidələrimiz bərpa edilir, digər tərəfdən də yaşayış kompleksləri, hotellər inşa edilərək şəhərin gözəlliyinə yeni rəng qatılır.
Şuşa Azərbaycan əsgərinin vətən sevgisinin simvoludur. Şuşa Azərbaycan əsgərinin qəhrəmanlıq simvoludur. Şuşa mənəvi ucalıqdır. Şuşa qələbəmizin rəmzidir-deyə E. Süleymanov fikirlərini yekunlaşdırıb.