AZ

Ekoloji təhsil sağlam gələcəyə yol açır

İnsanla təbiət arasındakı ahəngdar münasibəti qorumaq indiki nəslin qarşısında duran mühüm vəzifələrdən biridir. Bu problemin həlli hər bir şəxsdə dəyərlərin müqayisəsi, ekoloji şüurun və ekoloji mədəniyyətin inkişafının zəruriliyi haqqında əvvəllər formalaşmış bir çox fikirlərin dəyişdirilməsini tələb edir. Buna görə də təbiətin və cəmiyyətin birgə inkişafı prinsipləri üzrə yeni ekoloji təfəkkürün formalaşması geniş ekoloji təhsil və tərbiyə olmadan mümkün deyil.

Ekoloji təhsilə ehtiyac insan həyatı üçün əlverişli mühitin təmin edilməsinə olan zərurətdən doğur. Ekoloji təhsil və tərbiyə cəmiyyətin ekoloji rifahında mühüm önəm daşıyır və bir çox elmlərin nailiyyətlərinə əsaslanan təbii və sosial biliklərin xüsusi inkişaf sistemini təmsil edir. Ekoloji təhsilin aktuallığı bəşəriyyətin üzləşdiyi ekoloji problemlərin qlobal xarakter daşıması ilə əlaqədardır. Ekoloji məsuliyyət və ekoloji mədəniyyətin inkişafı isə ətraf mühitin yaxşılaşdırılmasını şərtləndirir. 

İnsan cəmiyyətinin təbiətə transformativ təsiri qaçılmazdır. Bu təsir elmi və texnoloji inkişaf nəticəsində əhalinin çoxalması, həmçinin təsərrüfat dövriyyəsində iştirak edən maddələrin sayının və kütləsinin artması ilə də güclənir. Təbii sərvətlərdən onların mühafizəsi üçün müvafiq tədbirlər görülmədən kortəbii istifadə edilməsi və bərpasının mümkünlüyü, ətraf mühitin intensiv və daim artan çirklənməsi təbiətdə geri dönməyən dəyişikliklərə, biosferdə fəlakətli nəticələrə gətirib çıxarır. Bu baxımdan ekoloji təhlükəsizliyin gerçəkləşdirilməsi müasir dövrün ən mühüm təbii elmi və ictimai-siyasi problemidir ki, bəşəriyyətin rifahı onun düzgün həllindən asılıdır. 

Ekoloji problemlərin tarixi və onların həlli təcrübəsi, eləcə də təhsilin tarixi göstərir ki, bu sahələrin hər ikisi üçün, eləcə də insan həyatı və bütövlükdə cəmiyyət üçün ekoloji maarifləndirmə getdikcə daha çox əhəmiyyət kəsb edir. Müasir şəraitdə cəmiyyətin ictimai həyatın müxtəlif sahələrində məşğul olan və ekoloji biliklərə malik vətəndaşların yetişdirilməsinə həyati ehtiyacı var. Bu biliklər onlar üçün şəxsi və ictimai həyatda ekoloji problemlərin həllində əsas, sürətlə dəyişən təbii mühitdə davranış modelinin seçilməsində isə təlimat olmalıdır. Hər bir insan təbii mühitin bu günü və gələcəyi üçün məsuliyyət daşımalıdır. 

Bu gün təhsildə əsas məsələ öyrənilən məlumatların miqdarı deyil, insanın müxtəlif, o cümlədən real problemli situasiyalarda hərəkət etmək bacarığı, uşaqlıqdan formalaşmış şüurun ekoloji imperativi, eləcə də digər şəxslərə zərər vermədən və öz maraqlarını unutmadan onlarla ünsiyyət qurmaq bacarığıdır. Təhsil, ilk növbədə, ali təhsil öz məzununa təkcə seçdiyi fəaliyyət sahəsi üzrə yaxşı mütəxəssis deyil, həm də cəmiyyətin fəal, məsuliyyətli, müxtəlif, o cümlədən real problemli situasiyalarda fəaliyyət göstərməyi bacaran üzvü olmasını təmin etməlidir. Bu, hər bir kəsin müstəqil şəkildə yeni biliklər əldə etmək qabiliyyətini, qeyri-standart vəziyyətlərdə qərar qəbul etmək bacarığını və s. nəzərdə tutur. Təhsil fəaliyyəti bilik və mədəniyyət çatışmazlığını tamamlayır. Ekoloji təhsil ətraf aləm və planetimizdəki həyatın quruluşu haqqında bilik çatışmazlığını kompensasiya edir, bu çatışmazlığı təhsilin köməyi ilə doldurmaqla aradan qaldırmağa imkan verir. 

Onu da deyim ki, təhsil müəssələrinin tədris proqramlarına ətraf mühitin mühafizəsi ilə bağlı mövzuların tam daxil edilməsi zəruridir. Resurslardan istifadə və ekoloji problemlər haqqında ictimaiyyətin məlumatlılığını artırmaq üçün geniş informasiya kampaniyası aparmaq və maarifləndirici proqramlar tətbiq etmək lazımdır.

Təhsil alanların ekoloji təhsili və tərbiyəsi cəmiyyət və təbiət arasındakı əlaqə haqqında təbiətşünaslıq biliklərinin inkişaf etdirilməsi və dərinləşdirilməsini, cəmiyyətə və təbiətə dəyərli münasibətin formalaşdırılmasını, təbiətə hörmət və mühafizədə fəal həyat mövqeyinin dərinləşdirilməsini əhatə edir. Ekoloji təhsil prosesində şagirdlər əmin olmalıdırlar ki, insan fəaliyyətinin nəticələri insanın özündən, onun biliyindən, bu nəticələri qabaqcadan görmək bacarığından asılıdır.

Ekoloji təhsil hər kəs üçün, hər yerdə lazımdır. Buna təhsil sisteminin bütün pillələrində – məktəbəqədər təhsildən tutmuş doktaranturaya qədər cəmiyyətin bütün yaş kateqoriyalarını əhatə etməklə ekoloji savadlılığı yaymaq, təbiətlə cəmiyyət arasında qarşılıqlı əlaqənin müxtəlif aspektləri haqqında müvafiq biliklər vermək kimi baxılmalıdır. 

Ekoloji təhsil fasiləsizliyi tələb edir və insanın həyatı boyu təlim, tərbiyə və inkişafının bir-biri ilə əlaqəli prosesidir. Ekoloji tərbiyə uşaq doğulduğu andan onun ailəsində başlayır. O, ilk dərslərini valideynlərinin və ona yaxın olan digər insanların davranışlarını, ətrafımızdakı dünyaya münasibətini müşahidə etməklə alır.Təbiətin gözəlliyinə həvəs insanın, xüsusən də uşaqların təbii ehtiyacıdır. Əgər biz uşaqlarımızın istehlakçı kimi yox, məsuliyyətli insanlar, yaxşı vətəndaşlar kimi böyüməsini istəyiriksə, indi bunun qayğısına qalmağın, onların tam ekoloji tərbiyəsi və təhsili üçün mümkün olan hər şeyi etməyin vaxtıdır.

Artıq qlobal əmək bazarı “yaşıl” iqtisadiyyatda bəzi kadr çatışmazlığı ilə üzləşir və yaxın illərdə onlara ehtiyac daha da artacaq. Dünyanın bir çox yerlərində “yaşıl” universitetlər var və ölkəmizdə bir çox universitetlər öz proqramlarına ekoloji ixtisaslar daxil edir və müvafiq təcrübələr tətbiq edirlər.

Ekoloji təhsil əsaslı ehtiyacların formalaşması təkcə ətraf mühitin ekologiyasına deyil, həm də insanın özünün ekologiyasına aiddir. İnsanın təkcə fiziki deyil, həm də mənəvi təbiətinin ekologiyasına qayğı göstərmək mənasında ekoloji mədəniyyət humanizmin ən yüksək forması hesab oluna bilər. Buna əsaslanaraq ekoloji mədəniyyətin formalaşdırılması təhsil sisteminin inkişafının əsas prioritetlərindən biri kimi qəbul edilməlidir.

Şagirdlərdə ekoloji şüurun, ekoloji mədəniyyətin, bilik, bacarıq və vərdişlərin formalaşmasında və inkişafında sinifin və məktəbdənkənar işlərin təşkili böyük rol oynayır. Bu iş formalarına aşağıdakılar daxildir: ekoloji oyunlar (müsabiqə, rol oyunu, simulyasiya), uşaqların ekoloji fəaliyyətləri, ekskursiyalar, ekoloji müsabiqələr, ekoloji yerli tarix fəaliyyəti, məktəb layihələri, ekspedisiyalar, elmi gecələr, konfranslar, tələbə tədqiqat işləri, nəşrlər, divar qəzetləri, albomlar, ekoloji olimpiadalarda iştirak, məktəbdə ətraf mühitin monitorinqi və s. 

Məlumdur ki, ətraf mühitin pisləşməsinin səbəblərindən biri də əhalinin ekoloji bilik səviyyəsinin kifayət qədər olmaması və əhalinin ekoloji mədəniyyətinin aşağı olmasıdır. Bu, ətraf mühitin idarə edilməsi ilə bağlı iqtisadiyyatın müxtəlif sahələrində çalışan mütəxəssislərə də aiddir.Ona görə də biz geniş ictimaiyyətə ətraf mühitin mühafizəsinin yeni ekomədəniyyətini aşılamalıyıq. Əhali arasında enerji, su və digər təbii sərvətlərdən istifadəyə məsuliyyətli və qənaətcil münasibəti, məişət tullantılarının sonrakı emal üçün ayrıca toplanması vərdişini inkişaf etdirməliyik. 

Yaxın günlərdə Azərbaycanın sədrliyi ilə COP 29-un Bakıda keçirilməsi xalqımızın həyatında əlamətdar tarixi hadisəyə çevriləcək. Qeyd edək ki, bu möhtəşəm tədbirin paytaxtımızda reallaşdırılması qərarı ciddi siyasi və iqtisadi səbəblərə əsaslanır. Xüsusilə, ətraf mühitin mühafizəsi və qlobal ekoloji problemlərin həllində Azərbaycanın milli və beynəlxalq səviyyədə göstərdiyi fəallıq buna şərait yaradan mühüm amillərdən biri olmuşdur.

Şəbnəm ƏSƏDOVA, 
ADPU-nun dosenti,  biologiya üzrə fəlsəfə doktoru

 

Seçilən
34
xalqqazeti.az

1Mənbələr