Vergi və maliyyə fəaliyyəti elektronlaşdırılır
Ölkəmizdə yerli özünüidaretmə orqanı olan bələdiyyələrin strukturunun yenidən formalaşması və fəaliyyətinin müasir meyarlar əsasında qurulması və elektron idaretmənin təmin edilməsi istiqamətində islahatların aparılması nəzərdə tutulur. Bu qurumların yenidən təşkili və maliyyə-təsərrüfat, vergi, audit məsələləri üzrə fəaliyyətinə nəzarətin tamamilə rəqəmsallaşdırılması ilə bağlı bir sıra hüquqi-institisional addımlar atılacaq. İlk növbədə, hazırda mövcud olan bələdiyyələrin əksəriyyəti ləğv edilərək daha iri özünüidaretmə qurumlarında birləşdiriləcək. Hazırda “Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında” və “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” qanunlarda nəzərdə tutulan əlavə və dəyişikliklər müzakirə edilir. Sözügedən qanun layihələri təsdiq edildikdən sonra bələdiyyələrin sayı 3 dəfəyə yaxın azaldılaraq 1606-dan 684-ə düşəcək.
Hər rayonda təxminən 10-12 bələdiyyə fəaliyyət göstərəcək...
Struktur dəyişikliyi nəticəsində 2025-ci ildən təxminən mövcud olan 1200 bələdiyyə öz əvvəlki hüquqi statusunu da itirmiş olacaq. Bununla da hər rayonda 10-12 bələdiyyə fəaliyyət göstərəcək. Yeni strukturizasiyadan sonra bələdiyyələrin iqtisadi-maliyyə fəaliyyətinin elektronlaşdırılması, bütün əməliyyatlarının yalnız elektron resurslar üzərindən aparılması təmin olunacaq. Yerli özünüidarəetmə orqanlarının əsas gəlir mənbəyi olan torpaq və əmlak vergisi üzrə yığımları, digər xidmət haqları yalnız nağdsız qaydada həyata keçiriləcək. Bu məqsədlə “Nağdsız hesablaşmalar haqqında” qanunda da dəyişikliklər nəzərdə tutulur. Həmin qanuna təklif edilən dəyişikliklər hazırda parlamentin müvafiq komitəsində müzakirə edilir və yaxın günlərdə plenar iclasa çıxarılacaq. Qanunun 3.4.1-ci maddəsinə əsasən, ölkədə vergilərin yığılması yalnız nağdsız qaydada həyata keçirilməlidir. Bu maddə indiyə qədər bələdiyyələrə faktiki olaraq şamil edilmirdi və bələdiyyələr qanunvericilikdə bəzi boşluqlardan sui-istifadə edərək topladıqları vergilərin uçotunu gizlədirdi.
Bütün bələdiyyə yığımları nağdsızlaşdırılır
Əslində hökumət bələdiyyələrin vergi yığımı potensialının artırılması və bu qurumların topladığı vergilərin büdcəyə köçürülməsi imkanlarının yaxşılaşdırılması, eləcə də bu sahədə maliyyə şəffaflığının gücləndirilməsi məqsədilə bir neçə il əvvəl elektron ödəniş infrastrukturunu yaradıb. Yerli özünüidarəetmə orqanlarının “Hökumət Ödəniş Portalı”na (HÖP) inteqrasiyası üçün Dövlət Vergi Xidməti və Mərkəzi Bank tərəfində, resurs imkanları təmin edilib. Vergi orqanı tərəfindən yaradılmış Bələdiyyə Vergi İnformasiya Sisteminin (BVİS) imkanları artırılıb və sistem tam onlayn rejimdə HÖP infrastrukturuna inteqrasiya olunub. Ancaq bələdiyyələrin əksəriyyəti bu sistemə qoşulmayıb və avtomatlaşdırılmış vergi informasiya sistemindən kənarda qalmaqla vergi uçotunu faktiki gizlədib. Ölkədəki 1606 bələdiyyənin təxminən 30 faizi vergi ödəyiciləri və onların cari öhdəlikləri haqqında məlumatlar mərkəzi informasiya sisteminə daxil edib. Xüsusilə də bölgələrdə, ucqar rayonlarda bələdiyyələrin HÖP-ə inteqrasiyası təmin edilməyib və onlar nağdsız ödəniş kanallarından kənarda qalıb. Bələdiyyələr bunu həmin ərazilərdə internet imkanlarının yaxşı olmaması, sistem xətaları ilə əsaslandırmağa çalışsa da, bir çox hallarda bunun məqsədli şəkildə edildiyi istisna deyil. Nəticədə bələdiyyələrin 60 faizindən çoxunun vergi uçotu və hesabatlılığı qaranlıq olaraq qalır.
Yerli vergi yığımları üçün potensiallar böyükdür
Aparılmış qiymətləndirmələr göstərir ki, ölkə üzrə bələdiyyələrin illik vergi yığımları portfeli mövcud potensialının 10-15 faizinə bərabərdir. Belə ki, ötən il ərzində fiziki şəxslərin torpaq və əmlak vergisi üzrə yerli büdcələrə toplanmış vəsaitin həcmi 5-6 milyon manatdan çox deyil. Halbuki bu rəqəmin 15-20 milyon manat civarında olması ehtimal edilir.
Bütün bu amillər bələdiyyələrin yığdığı vəsaitlərin yalnız nağdsız qaydada aparılmasını və bütün əməliyyatların şəffaflıq şəraitində təmin edilməsini labüdləşdirir. Qeyd edək ki, “Yerli vergilər və ödənişlər haqqında” qanunun 12.3-cü maddəsinə əsasən, bələdiyyələrin yerli vergi və ödənişlərin yığılması və istifadəsi sahəsində fəaliyyəti tam aşkarlıq şəraitində həyata keçirilməlidir. Həmin qanunun 11.4-cü bəndində isə vergi və ödənişlərin ödənilməsi banklar, poçt rabitəsinin milli operatoru, habelə mövcud nağdsız ödəmə vasitələri ilə həyata keçirilməsi nəzərdə tutulub. Ona görə də, “Nağdsız hesablaşmalar haqqında” qanunda dəyişikliklər edilməklə bələdiyyə vergilərinin tamamilə nağdsızlaşdırılması təmin olunacaq.
Bələdiyyələrin yarıdan çoxu audit yoxlamasından gizlənib
Yerli özünüidaretmə orqanlarının fəaliyyətinə nəzarətin artırılması məqsədilə digər hüququi sənədə - “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” qanuna da dəyişikliklərin edilməsi nəzərdə tutulur. Bu bələdiyyələrin maliyyə-audit sahəsində yol verdiyi pozuntuları aradan qaldırmaq məqsədi güdür. Qeyd edək ki, Auditorlar Palatasının bələdiyyələri 2023-cü ilə dair apardığı audit yoxlaması zamanı xeyli maliyyə pozuntuları aşkar edilib. Palata 750-yə bələdiyyədə yoxlama aparmağa nail olub ki, bu da cəmi bələdiyələrin 45 faizi deməkdir. Yerli özünüidarəertmə orqanlarının 800-dən çoxu və ya 55 faizi müxtəlif vasitələrlərlə audit yoxlamasının aparılmasından yayınıb. Bu isə bələdiyyələrin maliyyə fəaliyyətindəki nöqsanlara yol verildiyinə, hesabatlılığın olmadığına dəlalət edir. Ona görə də bələdiyyələrin bu sahədə fəaliyyətinə nəzarətin artırılması və elektron resurslara inteqrasiyası əsas şərtlərdən biri kimi müəyyənləşəcək. “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” qanuna dəyişikliklərə əsasən, bələdiyyə fəaliyyəti ilə əlaqədar bütün əməliyatların, hesablaşmaların informasiya sistemində əks olunması nəzərdə tutulur.
Beləliklə, yuxarıda sadaladığımız qanunlarda nəzərdə tutulan dəyişikliklər bələdiyyə büdcəsinin formalaşmasının və icrasının elektronlaşdırılmasına, elektron ödəniş üsullarından istifadə etməklə nağdsız qaydada həyata keçirilməsinə, bununla da şəffaflığın təmin olunmasına, yerli büdcənin icrasının və vəsaitlərdən istifadənin səmərəliliyinin artırılmasına səbəb olacaq.
ELBRUS