“Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin imzalanması təklifinin müəllifi məhz Azərbaycan dövlətidir. Azərbaycan dövləti bu təkliflə özünün sülhpərəst mövqeyini bütün dünyaya bəyan edib”.
Bu fikirləri Editor.az-a açıqlamasında siyasi analitik Elçin Xalidbəyli deyib.
Onun sözlərinə görə, Ermənistan baş naziri Nikol Paşinyan hakimiyyətinin qarşısında duran əsas məsələ ondan ibarətdir ki, Azərbaycanın sülh təklifinə konstruktiv mövqedən yanaşaraq ən yaxın vaxtlarda iki ölkə arasında yekun sülh sazişinin imzalanması üçün münbit şərait yaradılmasına töhfə versin:
“Halbuki Paşinyan hakimiyyəti hələ ki, belə bir niyyətinin olmadığını da birüzə verir. Bir tərəfdən sülhdən danışıb digər tərəfdən yeni regional savaş törədə biləcək addımlar atır. Bununla da göstərir ki, sülh prosesi üzərindən yalnız siyasi manipulyasiyalarla məşğuldur. Azərbaycan beynəlxalq hüquq normaları çərçivəsində yekun sülh sazişi ilə bağlı özünün 5 baza prinsipini, şərtlərini irəli sürüb. Həmin şərtlər çərçivəsində yekun sülh sazişi mətninin razılaşdırılması qaçılmazdır. Azərbaycan ilk öncə bundan kənar cəhdləri qəbul etməyəcək. Eyni zamanda, yekun sülh sazişinin imzalanması üçün bu sənədin mətninin razılaşdırılması ilə yanaşı, Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları olan müddəaların dəyişdirilməsi də əsas şərtlərə daxildir. Ona görə də Ermənistanın Azərbaycana hər hansı şərtlər irəli sürməyə şansı yoxdur. Rəsmi İrəvan birmənalı şəkildə Azərbaycanın qoyduğu şərtlərə əməl etməlidir, əks halda qarşı tərəf qeyri-müəyyən situasiya ilə qarşı-qarşıya qalacaq. Önəmli məqamlardan biri də ondan ibarətdir ki, Paşinyan hakimiyyətinin Qərbə yaxınlaşma siyasəti Ermənistanı ABŞ, Qərb və Fransanın Cənubi Qafqazdakı müstəmləkəsinə çevirib. Yəni, bu o deməkdir ki, əgər yekun sülh sazişinin mətni hər iki tərəf arasında razılaşdırılmış olsa belə rəsmi İrəvanın bu sənədi imzalama şansı özündən aslı deyil. Ermənistan üçün ABŞ, AB və Fransanın Paşinyan hakimiyyətinə icazəsi mühüm məsələdir. Hazırda yekun sülh sazişinin imzalanması qarşısındakı əsas əngəllərdən biri də ABŞ və Qərbin mövqeyidir. Əgər qərb siyasi dairələri Cənubi sülh prosesinə bu qədər kobud müdaxilə etməsələr, yekun sülh sazişi ən qısa zamanda razılaşdırılaraq imzalana bilər”.
//Gülnarə Abasova, Editor.az