AZ

Ursula fon der Layenin COP29 qərarının arxasındakı niyyətlər

Avropa Komissiyasının sədri Ursula fon der Layenin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) qatılmayacağı Qərbə bağlı əksər təsisatların öz missiyalarından uzaqlaşıb, ayrı-ayrı dairələrin diktəsinə uyğun fəaliyyət göstərməsini isbatlayan növbəti fakt kimi qəbul etmək olar.

Son aylar Qərbin bir sıra qurumlarının, media quruluşlarının tutduğu mövqeyə diqqət etsək, COP29 konfransının siyasiləşdirilməsi xəttini açıq-aydın görmək mümkündür. Hansı ki, bu konfrans bütün dünyanı cənginə almaqda olan iqlim dəyişikliklərinə yol açan problemləri çözmək üçün qlobal həmrəyliyə nail olunmasına xidmət edir. Amma görünən odur ki, Avropanın qurumları o dərəcədə ikili standartlar, ikiüzlülük və riyakarlığa yuvarlanıb ki, COP29 kimi bütün bəşəriyyətə lazım olan tədbiri belə siyasi məsələlərlə eyniləşdirməklə məşğuldur.

Düzdür, Ursula fon der Layenin COP29-a qatılmayacağı birbaşa hansısa siyasi məsələlərlə əlaqələndirilməyib və Avropa Komissiyasının səlahiyyətlərin ötürülməsi vəziyyətində olması əsas gətirilib. Fəqət, bu, sadəcə bəhanə kimi qəbul oluna bilər. Ursula fon der Layenin COP29-a sayılı günlər qalmış belə bir qərara gəlməsinin arxasından fərqli və kirli niyyətlər boylanır.


Əminliklə vurğulamaq üçün əsas yaranır ki, Komissiyanın rəhbəri Qərb təsisatlarının erməni lobbisinin və lobbinin söz sahibi olduğu ölkələrin dirijorluğu ilə Azərbaycanda keçiriləcək COP29-u siyasiləşdirmək, konfransın daha kütləvi şəkildə keçirilməsini əngəlləmək, habelə ölkəmizi ləkələmək kimi çirkin xəttə bağlılığını bu və ya digər formada ortaya qoyub.

Ursula fon der Layen COP29-a qatılmayacağını bəyan etməklə əslində Qərb təsisatlarının əsl simasını bir daha nümayiş etdirib. Deməli, bu qurumları beynəlxalq ictimai rəy qətiyyən maraqlandırmır. Qlobal problemlər, iqlim dəyişikliyinin bütün bəşəriyyəti təhdid etməsi kimi bir məsələ Ursula fon der Layen kimiləri, rəhbərlik etdikləri qurumları az da olsa narahat etmir.

Bu gün dünyanı ən çox çirkləndirən ölkələr sırasında Avropa İttifaqına (Aİ) daxil olan dövlətlər də yer alır və ümumilikdə Avropa ölkələrinin ətraf mühitə təsiri müxtəlif sahələrdə nəzərəçarpan həddədir. Karbon emissiyaları, hava çirkliliyi, su və torpaq çirklənməsi, biodiversitenin itməsi və resursların israfı Aİ-yə üzv olan ölkələrin başlıca problemidir. Hazırda Avropa dünya miqyasında karbon emissiyalarının əsas mənbələrindən biridir və Aİ dünya üzrə karbon emissiyalarının təxminən 9-10%-ni təşkil edir. Sənayeləşmə və nəqliyyatın intensivliyi səbəbindən hava çirkliliyi də Avropa ölkələrində əhəmiyyətli bir problemə çevrilib. Bundan başqa, Avropa ölkələri, xüsusən sənayeləşmiş bölgələrdə, təmiz su, habelə torpaq resurslarının çirklənməsi problemi ilə baş-başadır. Belə olan təqdirdə COP29-un gündəliyində yer alan məsələlər daha çox Aİ-ni düşündürməlidir. Çünki karbon emissiyalarının azaldılması, hava və su çirkliliyinin qarşısının alınması, bioloji müxtəlifliyin qorunması kimi məsələlər Avropanı da təhdid etməkdədir.

Amma görünən odur ki, Avropanın iqlim dəyişikliyi ilə mübarizədə müxtəlif təşəbbüslərində, bu problemlərlə mübarizədə beynəlxalq əməkdaşlıq və yenilikçi həllər təqdim etməkdə heç də səmimi deyil. Sadalanan faktların özü qurumun COP29 kimi mötəbər və bütün dünyanı əhatə edən tədbirlərə daha ciddi yanaşmasını, iqlim maliyyələşməsinə dəstəyini tələb etmirmi? Edir, amma bu gözləntiləri, beynəlxalq ictimai rəyi heçə sayan Aİ-nin ən mühüm icraedici orqanı olan Komissiyanın rəhbəri məsuliyyətdən yayınmaq üçün COP-a gəlmir!

COP29 elə bir platformadır ki, burada yalnız və yalnız dünyanı qlobal iqlim dəyişikliyindən qorumağın yolları müzakirə olunacaq, növbəti dövrü üçün mühüm qərarlar veriləcək. Bu baxımdan yaşıl dünya naminə atılan addımları təqdir və təbliğ etmək əvəzinə, Qərbin bəlli dairələri diqqəti ayrı-ayrı siyasi məsələlər üzərinə yönəltməklə əslində “dünyadan bizə nə, dünyanı hansı fəlakət gözləyir, gözləsin!” mahiyyətində kobud bir laqeydlik, ekoloji təfəkkür yoxsulluğunu nümayiş etdirir! Nə yazıq ki, bu gün Avropanı canlı aləmin gələcək mövcudluğu deyil, cinsi azlıqların hüquqlarını qorumaq və s. bu qəbildən olan məsələlər daha çox maraqlandırır.

Seçilən
15
modern.az

1Mənbələr