AZ

“İnstusional öhdəlik”, yoxsa öhdəliklərdən imtina – Leyen Bakıya gəlməkdən niyə imtina edir?


Avropa Komissiyasının (AK) sədri Ursula von der Leyen Bakıda keçiriləcək COP29 Sammitində iştirak etməyəcək. AK rəhbəri bu qərarını səlahiyyətlərin ötürülməsi və instusional öhdəlikləri ilə pərdələməyə çalışsa da, bunun Avropa Komissiyasının missiyasından uzaqlaşması və Qərb başbilənlərinin təlimatı əsasında həyata keçirməsi şübhə doğurmur.

Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına yekdilliklə ev sahibi seçilib və tədbirin əhəmiyyətini xanım Leyenin özü də dəfələrlə təsdiq edib. Onun Prezident İlham Əliyevlə dialoqu zamanı COP29-un iqlim fəaliyyəti və yaşıl enerejiyə keçid sahəsində əməkdaşlıq üçün əlverişli imkanlar yaratdığını bəyan etməsi, Azərbaycanın bu mötəbər beynəlxalq tədbirə yüksək səviyyədə hazırlaşmasını vurğulaması fonunda sammitə bir neçə gün qalmış iştirakdan imtina qərarı təsadüfi deyil. 

Qərb dairələrinin Azərbaycanla münasibətlərə xüsusi önəm verməsi, enerji, eləcə də diplomatiya sahəsində ölkəmizin əhəmiyyətini qeyd etməsi, yeni geosiyasi reallıqlar fonunda hesablaşması fonunda Azərbaycana qarşı təzyiqlər də mövcuddur və bu, 44 günlük vətən müharibəsində əldə edilən tarixi Zəfərdən sonra yeni mərhələyə qədəm qoyub. Heç şübhəsiz ki, bu təzyiqlər vahid mərkəzdən idarə olunur və Azərbaycanı müstəqil diplomatik siyasət kursundan yayındırmağa və fövqəladə inkişafının qarşısını almağa yönəlib. Ursula von der Leyenin COP29-da iştirakdan imtina etməsi də bu mənfur ssenarinin tərkib hissəsidir.

Avropa Komissiyası və digər Qərb təsisatları iqlim dəyişiklliyi və yaşıl enerjiyə keçidin vacibliyindən danışsalar da, siyasi maraqları onları öz "missiyasından” uzaqlaşmağa təhrik edir. Okeanın o tayında və Avropadakı seçkilərdə "bülleten bazarlığı” edərək, müəyyən təsir imkanları əldə edən erməni lobbisinin də xanım Leyenə "xeyir-dua” verməməsi sonuncunun belə bir qərar verməsinə səbəb olub. Nəticədə "instusional öhdəliklər” ön plana çıxıb və Avropa Komissiyasının sədri rəhbəri olduğu qurumun gerçək öhdəliklərindən imtina etməli olub. 

Ölkəmizə qarşı təzyiq dağlasının davamı kimi nəzərdə tutulan COP29 sammitində yüksək səviyyəli iştirakın məhdudlaşdırılması Azərbaycana siyasi mesajlar ötürmək və onu müstəqil xarici siyasət kursundan imtinaya vadar etmək, birqütblü dünya ssenarisi üzərində işləyən Qərbin iradəsinə tab etdirmək, qonşu dövlətlərlə, eləcə də Rusiya ilə münasibətləri gərginləşdirməyə təhrik etmək niyyətindən qaynaqlanır. Bu cür siyasi qərarlar isə öz növbəsində Azərbaycanın Avropa Komissiyası, habelə Avropa təsisatları ilə münasibətlərində etimadsızlığa yol açır. 

Azərbaycan COP29 sammitinə çox yüksək səviyyədə hazırlaşıb və bunu Qərb dairələri, təmsilçiləri və diplomatlarının özləri də dəfələrlə bəyan ediblər. Eyni zamanda Azərbaycan iqlim dəyişikliyi və yaşıl enerjiyə keçid sahəsində ardıcıl səylərini ortaya qoyub. 30 il ərzində torpaqlarının işğalına, ekoloji və mina terroruna məruz qoyulmasına, soyqırım cinayətlərinə etinasız yanaşayan qərblilərin tarixi Zəfər sonrası Ermənistanı silahlandırması, Azərbaycana qarşı çocvektorlu təzyiqləri fonunda COP29 tədbiri öncəsi sammitdə iştirakdan imtinalar da təəccüblü deyil. O səbəbdən ki, Qərb ikiüzlü və riyakar siyasətə adət edib və XXI əsrdə də bu şakərindən qurtula bilmir.

Dünyanı çirkləndirən, ekoloji tarazlığı pozan ölkələr arasında liderlik Avropa İttifaqına üzv dövlətlərə məxsusdur və "İslahatların zəruriliyindən danış, amma islahatlara çox da aludə olma” nəzəriyyəsi üzrə hərəkət edən avropalıları bəşəriyyət, canlı aləm və onun gələcək müqəddəratı qətiyyən maraqlandırmır. Onlar üçün strateji məqsəd anti-Qərb koalisiyasını zəiflətmək, yeni geosiyasi reallıqlar yaratmaq, beynəlxalq münasibətlər sistemini transformasiyaya məruz qoymaq, mövqeləri zəifləyən Qərbin hegomonluğunu yenidən özünə qaytarmaqdır. "Qoca qitə” birqütblü dünya nizamından kənar bütün mütərəqqi təşəbbüsləri baykot etməkdə, iqlim dəyişikliyi, ekoloji tarazlığı öz çirkin məqsədlərinə qurban verməkdə davam edir. 

Azərbaycan COP29 sammitini çox yüksək səviyyədə icra edəcək və bu, beynəlxalq münasibətlər sistemində əhəmiyyətli dövlətə çevrilən ölkəmizin geosiyasi müstəvidə reputasiyasını daha da gücləndirəcək. Azərbaycanın sülhpərvərliyi, qonaqpərvərliyi bir daha bütün dünyaya nümayiş olunacaq. Avropa Komissiyasının sədri Ursula von der Leyenin iştirak etməməsi də sammitin gedişatına kölgə salmayacaq. Bu, Azərbaycana qarşı ilk təzyiq deyil və bundan öncəki bütün təzyiqlər nəticəsiz qaldığı kimi, bu təhdid və təzyiqlər də nəticəsiz qalacaq.

Müəllif: Azər Niftiyev
 
 

Seçilən
66
7news.az

1Mənbələr