AZ

“O olmasaydı, ürəyim partlayıb ölmüşdüm”

“Bəli, mənə ikinci qrup əlilik verildi. İllərdir ki, şəkər xəstəliyindən əziyyət çəkirəm. Bu səbəbdən ayağımda çürümə prosesi gedirdi. Sağolsun aparıcı Zaur Baxşəliyev mənə yardım etdi. O məni düzgün həkimin yanına yolladı. Nəticədə ayağım sağaldı”.

OLAY yazır ki, bu sözləri Xalq artisti Rəhman Rəhmanov qonaq olduğu “Gün ortası” verilişində deyib.

Sənətçi iki dəfə qurduğu ailə həyatından bəhs edib:

“Mən iki dəfə ailə qurmuşam. İlk evliliyim 20 il çəkib. Sonra boşanmışam və ikinci dəfə ailə qurmuşam. 31 ildir ki, bu evlilik davam edir. Mən çox xoşbəxtəm. Xanımım Gülü mənə çox gözəl baxır. O olmasaydı 20 il əvvəl ürəyim partlayıb, öləcəkdim. Birinci oğlum 20 il əvvəl dünyasını dəyişib. Gülü xanım yaşatdı məni, indi də yaşadır. İkinci oğlum Emilin vəfatından sonra Gülü xanım mənim yenidən ayağa qaldırdı və məni yaşadır. O mənə həyatda stimul verir”.

Aktyor ən böyük arzusunu dilə gətirib:

“51 ildir ki, Abdulla Şaiq adına Kukla Teatrının aktyoruyam və orada çalışıram. Bu 51 ildə tamaşalar göstərdiyim, nağıllar danışdığım kiçik uşaqlar illər keçib böyüyüblər, valideyn olublar və övladlarını mənim tamaşalarıma gətiriblər. Bir arzum var... Allah mənə ömür versin mən onların nəticələrinə də nağıllar danışım (ağlayır)”.

Aparıcı Zümrüd Bədəlovanın “Özünüzə heç sual verirsiniz ki, mən nə etmişəm ki, Allah məni bu dərəcə də cəzalandırıb” sözlərinə Rəhman Rəhmanov belə cavab verib:

“Nə etmişəm cəzalandırılam yox. Bu cəzalanmaya güvvəsi çatan, ürəyi partlamayan bir insanı seçir Allah. Mən daşam. İçimdə dərdimi çəkirəm. Heç kimə də o dərdi çəkməyə icazə vermirəm, çünki məndən yaxşı o dərdi çəkə bilməzlər. Allah sınanmış insanlara dərd verir. Hər insanın dərd çəkməyə hünəri çatmaz. Ya ürəyi partlayar, ya xəstəlik tapar.. Amma mən insanların qarşısına elə çıxıram ki, güya heç nə olmayıb. Hər şey yaxşıdır. Amma mənim üçün yox. Onu da mən özüm bilirəm”.

Seçilən
53
olay.az

1Mənbələr