Binəqədi rayonu, Azadlıq prospekti 187 ünvanda yerləşən "Şərq-Qərb Təbabət" adlanan klinikada oğurluq olub.
Qaynarinfo-nun məlumatına görə, sözügedən klinikada həkim-infeksionist vəzifəsində işləyən Sevinc Cəfərzadə adlı həkimin kabinetindən ona məxsus "Pierre Cardin" markalı 1 ədəd pul qabı, həmin pul qabının içərisində 1100 ABŞ dolları və 682 manat, 4 bank kartı, sürücülük vəsiqəsi götürülüb.
Oğurluğu törədən 1984-cü il təvəllüdlü Bakı sakini Q.B. saxlanılıb. Onun barəsində Cinayət Məcəlləsnin 177.2.2 və 177.2.3-cü maddələri ilə cinayət işi açılaraq iş məhkəməyə göndərilib.
Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs Bakıda mağazaların birindən 985 manat dəyərində 1 ədəd kişi qol saatı da oğurlayıb. O, 20 Yanvar metrostansiyasının yaxınlığında yerləşən sexdə ayaqqabı dizayneri işləyib.
Q.B. ifadəsində bildirib ki, maddi cəhətdən sıxıntıları və anası Rənanın yüksək təzyiq xəstəliyi olduğundan oğurluq etmək qərarına gəlib. Hadisəni törətdiyi gün küçədə gəzişərkən hava çox soyuq olduğu üçün yaxınlıqda yerləşən "Şərq-Qərb Təbabət” klinikasına daxil olub. Girişdə yerləşən baxılı geyinib, klinikanın birinci mərtəbəsində dəhlizdə bir neçə dəqiqə gəzişib bədənini qızışdırıb. Dəhlizdə gəzişərkən klinikanın giriş qapısından sol tərəfdə həkim otağının yerləşdiyini, həmin otağın qapısının açıq olduğunu, içəridə heç kimin olmadığını görüb və oğurluğu törədib. O, digər hadisəni eyni üsulla törətdiyini bildirib.
Məhkəmənin qərarı ilə, Q.B. 2 il 11 ay 29 gün müddətinə azadlıqdan məhrum edilib.
Əhməd