AZ

GÜNDƏM! Bu adamların amansız qarşıdurmasını qaçırmayın

Bu gün Azərbaycan Premyer Liqasında 1 matç keçiriləcək.

Söhbət üçüncü turdan təxirə salınan "Zirə" - "Araz Naxçıvan" qarşılaşmasından gedir.

Amma iki komanda arasındakı rəqabətdən çox, məşqçilərin dueli daha gözəgəlimlidir.

Rəşad Sadıqov, yoxsa Elmar Baxşıyev?

Bu iki məşqçi ilk dəfə 2020/2021 mövsümündə üz-üzə gəlib.

Baxşıyev o zaman "Qəbələ"nin başında idisə, Sadıqov onda da "Zirə"nin baş məşqçisiydi.

Bərabərliklə (1:1) başlayan rəqabətin artıq 17 matçlıq tarixi var.

16-sı Baxşıyevin "Qəbələ"də olduğu dönəmlərə təsadüf edir. Həmin görüşlərdə çox dramatik səhnələrə tamaşa etmişik.

2021/22 mövsümündə 47 xal toplayan "Zirə" "Qəbələ"ni cəmi 2 xal qabaqlayaraq bürünc medallardan məhrum edib.

2022/2023 sezonunda isə daha gərgin mübarizəyə şahid olmuşuq. Mövsümün sonu hər iki komandanın aktivində 50 xal olsa da, bu dəfə üzülən tərəf "Zirə" olub. Şəxsi görüşlərdəki üstünlüyə görə Baxşıyevin "Qəbələ"si 4-cü pillənin sahibi kimi Konfrans Liqasına vəsiqə qazanıb.

Ötən mövsüm Premyer Liqanı tərk edən "Qəbələ"ni 24-cü tura kimi Elmar Baxşıyev çalışdırmışdı. Və həmin 24 matçda əldə etdiyi 4 qələbədən biri "Zirə" üzərində olub. Bir görüş isə bərabərliklə tamamlanıb - 1:1. Yəni komandalarının durumu ürəkaçan olmayanda belə bu məşqçilərin qarşıdurması asan keçmir.

Təcrübəli mütəxəssislərin bir dueli isə yəqin ki, Azərbaycan futbol tarixində hər zaman xatırlanacaq. Söhbət güclü qar səbəbindən iki gün davam edən qarşılaşmadan gedir. 2022-ci ilin 13 mart tarixində start götürən matçın 65-ci dəqiqədə güclü qar səbəbindən baş hakim Əliyar Ağayev futbolçuları paltardəyişmə otağına göndərib. Növbəti gün qaldığı yerdən davam etdirilən oyunda komandalar yenə fərqlənə bilməyib.

İki məşqçinin arxada qalan 17 qarşıdurmasında üstün tərəf Baxşıyevdir. Onun aktivində 6 qələbə var. 8 oyunda bərabərlik qeydə alınıbsa, 3 matçda 3 xalı bayram edən Rəşad Sadıqov olub.

Baxşıyev hazırda "Araz Naxçıvan"ı çalışdırır. Amma "Qəbələ"də olduğu dönəmdən başlayan amansız mübarizə burada da davam edir. Muxtar respublika təmsilçisi 24 xalla 3-cü pillədə, "Zirə" isə 20 xalla 4-cü sırada yer alıb.

İki həftə əvvəl Sadıqovun "Zirə"si son anda qələbəni əldən vermişdi.

Görəsən, bu dəfə final fitindən sonra gülən tərəf kim olacaq?

Təbii ki, bu suala cavab tapmaq çətindir, amma qələbə üçün hər iki tərəfin də güzəşt etmədən, amansız mübarizə aparacağı dəqiqdir. Deməli, matçı izləməyə dəyər.

XANOĞLAN İMANOV

Seçilən
11
sportinfo.az

1Mənbələr