AZ

Latviyada Zəfər Günü qeyd edilib - FOTO

Yazını böyüt
Yazını kiçilt

8 noyabr – Zəfər Günü münasibətilə Riqada tədbir keçirilib. Tədbirdə Latviyada yaşayan Azərbaycan diaspor təşkilatların rəhbərləri, Azərbaycan icmasının üzvləri, Latviyada təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər.

Hafta.az xəbər verir ki, tədbirdə Azərbaycanın Dövlət Himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda edən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə çıxış edən Azərbaycanın Latviyadakı səfiri Elnur Sultanov 8 Noyabr - Zəfər Günü münasibətilə tədbir iştirakçılarını təbrik edib.

Səfir, 44 gün davam edən Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi şanlı Azərbaycan Ordusunun keçdiyi mübariz və qəhrəmanlıq yolundan ətraflı məlumat verərək ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin bərpa olunmasının tarixi əhəmiyyətini vurğulayıb. O, bildirib ki, tarixi Zəfər 30 ilə yaxın davam edən Ermənistanın Azərbaycan ərazilərinin işğalına və ədalətsizliyə son qoydu, doğma torpaqlarından qaçqın və məcburi köçkün düşmüş yüz minlərlə azərbaycanlının fundamental hüquqlarını bərpa etdi və bölgədə sülh üçün imkan yaratdı.

Diqqətə çatdırıldı ki, münaqişənin bitməsindən dərhal sonra Azərbaycan Ermənistanla münasibətlərin normallaşması fəal təşviq etməyə başlasa da, Ermənistanın ölkəmizə qarşı hərbi-siyasi təxribatları davam edib. Azərbaycan ordusu qanunsuz erməni qüvvələrinin mövcudluğuna son qoymaq və bütün ərazilərində tam suverenliyi bərpa etmək məqsədilə Qarabağ bölgəsində 19-20 sentyabr 2023-cü il tarixlərində antiterror tədbirlərini uğurla həyata keçirdi və bu gün üçrəngli bayrağımız Azərbaycanın Qarabağ bölgəsində qürurla dalğalanır.

E.Sultanov cari ildə Azərbaycan və Latviya arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyinin qeyd olunduğunu və iki ölkələr arasında müxtəlif səviyyədə səfər və təmasların həyata keçirildiyini bildirərək, bu ilin may ayında Latviya Seyminin sədri Dayqa Mierinanın rəhbərlik etdiyi nümayəndə heyətinin ölkəmizə, o cümlədən azad olunmuş ərazilərə səfər etdiyini qeyd edib.

“Azəri” cəmiyyətinin sədri Ulduzxan Əhmədov 8 noyabr – Zəfər Gününün Azərbaycan xalqının tarixinin şanlı səhifəsini təşkil etməklə, ədalətin, xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinin olduğunu söylədi.

Riqa Texniki Universitetinin tələbəsi Tutu Məcidova ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda canını fəda edən, qəhrəman şəhidlərin əziz xatirəsinin xalqımızın qəlbində daim yaşayacağını söyləyib və bir Azərbaycanlı gənc kimi bu şanlı Qələbə ilə fəxr etdiyini bildirib.

Daha sonra Zəfər Gününə həsr edilmiş sənədli film nümayiş olunub, fotosərgi təşkil olunub.

Sonda tədbir iştirakçıları üçün ziyafət verilib.

Seçilən
21
50
hafta.az

10Mənbələr