Rusiya işçi qüvvəsi çatışmazlığı şəraitində Zimbabvedən əsasən tikinti sektoru üçün işçi qüvvəsi təmin etməyi xahiş edib.
Qaynarinfo xəbər verir ki, bu barədə "The Herald” yazır.
Nəşrin məlumatına görə, bu məsələ respublikanın milli mənzil və sosial xidmətlər naziri Soda Zemu ilə Rusiya Federasiyasının tikinti və mənzil-kommunal təsərrüfat nazirinin müavini Nikita Stasişin arasında Qahirədə beynəlxalq konfransda keçirilən görüşdə müzakirə olunub.
İşçilərin göndərilməsi müqabilində Rusiya sosial evlərin tikintisi üzrə təcrübəsini Zimbabve ilə bölüşməyi təklif edib. Zemu Afrika ölkəsinin bununla maraqlandığını bildirib və Rusiya nümayəndə heyətini işçi qüvvəsinin təminatı sahəsində əməkdaşlığı əsaslı şəkildə müzakirə etmək üçün Zimbabveyə dəvət edib.
Qeyd olunur ki, Rusiya şirkətləri artan kadr çatışmazlığı fonunda Afrika ölkələrində kütləvi şəkildə işçi axtarmağa başlayıblar. Hh.ru işə qəbul xidmətinin məlumatına görə, 2024-cü ilin birinci yarısında Keniyada vakansiyaların sayı 39 dəfə, Zimbabvedə 15 dəfə, Kamerunda on dəfə, Zambiyada isə səkkiz dəfə artıb. Şirkətlər həmçinin Sierra Leone, Qabon və Mərkəzi Afrika Respublikasında işçi axtarışındadırlar.
Nizami Bağırov