AZ

Azərbaycan tarixinə qızıl hərflərlə əbədi yazılanŞƏRƏFLİ GÜN

Bu il tarixi Zəfərimizin dörd ili tamam olur. Sentyabrın 27-də Ermənistanın növbəti hərbi təxribatı, bütün cəbhəboyu ağır artilleriyadan istifadə etməklə hücuma keçməsi və birbaşa mülki əhalini hədəfə alması nəticəsində Azərbaycan Ordusu vətən uğrunda ölüm-dirim savaşına qalxdı. Ordumuz bütün dünyanın suveren Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanıdığı Dağlıq Qarabağı və ətraf rayonları düşmən işğalından azad etmək üçün Vətən müharibəsinə başladı. 

“Dəmir yumruq” əməliyyatının ilk saatlarından cəbhə xəttindən sevindirici xəbərlər gəlməyə başladı. 44 gün ərzində hər gün Azərbaycan Ordusu irəli getdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edildi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu ki, işğala son qoyulsun və tarixi ədalət zəfər çalsın. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa etdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin müharibənin gedişi dövründə xalqa müraciətlərinin hər biri zəfər ruhunda oldu. Hər bir müraciətində xalqa müjdələr çatdıran dövlətimizin başçısı İlham Əliyev müharibənin qələbə ilə başa çatacağına əminliyini ifadə edirdi.

Vətən müharibəsi sadəcə Azərbaycan ordusunun arsenalında olan çoxsaylı müasir hərbi texnika və avadanlığın real döyüş şəraitində uğurlu nümayişi ilə yadda qalmadı. Bu müharibə həm də Azərbaycan əsgərinin, Azərbaycan xalqının Vətən, bayraq, torpaq sevgisi ilə düşüncələrdə iz saldı. Dövlət-xalq-ordu birliyi ordunun güc mənbəyinə çevrildi. Məhz bu Vətən sevgisi, həmrəylik nəticəsində düşmən döyüş meydanından silah-sursatını ataraq qaçmağa, təslim olmağa, aman diləməyə məcbur oldu. Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu. Azərbaycan Ordusu öz qəhrəmanlığı və peşəkarlığı ilə təkcə Ermənistanın silahlı qüvvələrini məhv etməyib, o, Erməni mifini də məhv etdi. Cəmi 44 gün ərzində Ermənistan ordusu, hərbi texnikası, canlı qüvvəsi məhv edildi və Azərbaycan öz gücünü, öz qüdrətini göstərdi. 

Zəfər Günü Azərbaycanı beynəlxalq ictimaiyyətə bir daha tanıtdırdı. Azərbaycan beynəlxalq arenada torpaqları, ərazi bütövlüyü, suverenliyi uğrunda mübarizə aparan bir dövlət olaraq hörmətə layiq yer tutdu. Zəfər Günü onun beynəlxalq nüfuzunu və hörmətini artırdı.

Hər birimiz bu Zəfərin nəyin bahasına qazanıldığını yaxşı bilirik. Bu şanlı Zəfər günündə biz eyni zamanda şəhidlərimizin ailələri ilə birlikdə kədərlənirik.
Otuz ilə yaxın həsrətində olduğumuz torpaqlarımız şəhidlərimizin qanı və canı bahasına işğaldan azad edilib. Şəhidlərimizin qanı nahaq yerə tökülmədi – biz tarixi ədaləti bərpa etdik, müqəddəs Qələbə qazandıq. Biz Vətən müharibəsi şəhidlərini heç vaxt unutmayacağıq. Onlar bizim qəlbimizdə daim yaşayacaq. Allah şəhidlərimizə rəhmət eləsin,

44 günlük Vətən müharibəsi Ali Baş Komandanın, Azərbaycan Ordusunun, xalqımızın zəfəri ilə başa çatdı. 44 günlük haqq savaşımız Azərbaycan tarixinə qızıl hərflərlə əbədi yazıldı. Bu qələbəni Ali Baş Komandanın qətiyyəti, siyasi iradəsi, müzəffər Ordumuzun şücaəti, müqəddəs, ölməz şəhidlərimizin qanı, xalqımızın birliyi hesabına qazandıq. Azərbaycan xalqı, onun mərd övladları bir daha bütün dünyaya sübut etdilər ki, Qarabağ-Azərbaycandır!

Əminə Ağazadə,

Milli Məclisin deputatı

Seçilən
27
ikisahil.az

1Mənbələr