AZ

Ursula Fon der Lyayenin COP29 kimi böyük tədbirdən yayınması ayıbdır - EKSPERT

Avropa Komissiyası prezidenti Ursula Fon der Lyayenin COP29 kimi böyük tədbirdə iştirakdan yayınması açığı deyim, anlaşılan deyil. Dünyanın taleyi müzakirə olunur, qlobal məsələlər müzakirə olunur. Avropa Birliyi də dünyanın ən böyük aktorlarından biridir. Bu elə bir birlikdir ki, bu birlik öz ərazisində deyil, ondan kənarda da dünyanın taleyi üçün cavabdehdir. Belə bir qurumun rəhbərinin bu qədər böyük bir tədbirə gəlməməsi bir tərəfdən anlaşılan deyil. İkinci bir  tərəfdən isə bu, həm ikiüzlülükdür həm də, saymazlıqdır. Söhbət burda Azərbaycandan getmir, bu, BMT-nin tədbiridir. Yəni BMT səfərbər olunub, bütün dünya dövlətləri bu tədbirdə iştirak edirlər. Eyni zamanda, beynəlxalq qurumlar istər dövlətlərarası, istərsə QHT olsun bu tədbirdə iştirak edir. Belə bir şəraitdə Avropa Komissiyasının prezidenti tədbirdən yayınır. Bunun adı nədir - dünyanın taleyinə biganəlik, yoxsa erməni lobbisindən qorxub Azərbaycana gəlməkdən çəkinmək?

Bu fikirləri “İki sahil”ə açıqlamasında siyasi şərhçi Azər Həsrət bildirdi.

Azər Həsrət vurğuladı ki, əgər Avropa Birliyi kimi dövlətlərarası qurumun komissiyasının prezidenti bu qədər qorxaq və çəkingəndirsə, o öz birliyi üçün nə edəcək və necə edəcək? Bu həqiqətən də anlaşılmaz və qəbuledilməz bir haldır. Amma bundan Azərbaycanın itirəcəyi bir şey yoxdur. Çünki, Azərbaycan bu tədbiri ən yüksək səviyyədə təşkil edib və keçirəcək. Yəni, bu tədbirə gələnlər peşman olmayacaqlar, gələcəklər, görəcəklər ki, burda nə qədər yüksək səviyyədə təşkilatçılıq var. Üstəlik də Azərbaycan kimi balaca bir dövlət əgər dünyanın taleyi ilə bağlı müzakirələrə ev sahibliyi edəcək qədər ürəklidirsə, Avropa Birliyinin bundan yayınması sadəcə olaraq, onun üçün böyük bir  ayıbdır.

Ekspert  hesab edir ki, nə qədər gec deyil Avropa Birliyinin komissiyasının prezidenti Ursula Fon der Lyayen Azərbaycana gəlməklə bağlı qərarını dəyişməlidir. Tədbirdə iştirakla bağlı qərarını dəyişməli və iştirak etməlidir. Çünki, COP29 toplantısında Avropa Birliyinə də çoxlu suallar olacaq. Eyni zamanda, Avropa Birliyindən də çoxlu istəklər olacaq. Bütün bunlara kim cavab verməlidir? Doğrudur, nümayəndələri gələcək, amma ən yüksək səviyyədə rəsmi şəxslərin iştirakı vacibdir.

Şəmsiyyə Əliqızı, “İki sahil”

Seçilən
10
ikisahil.az

1Mənbələr