AZ

Eyyub Kərimli: “ƏDV bəyannamələrinin profilinq sistemi işgüzar mühitin şəffaflığını artıracaq”

İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri, iqtisadçı-ekspert Eyyub Kərimli QHT.az-a açıqlamasında qeyd edib ki, Dövlət Vergi Xidmətinin ƏDV bəyannamələrinin əvvəlcədən doldurulması (profilinq) sistemini tətbiq etmək təşəbbüsü vergi ödəyicilərinin işini xeyli asanlaşdıracaq. O, bildirib ki, “profilinq” sistemi sahibkarlıq subyektlərinin hesabatlılıq prosesində vaxt və resursların optimallaşdırılmasına imkan verəcək və bu da ümumilikdə işgüzar mühitin daha şəffaf və rəqabətədavamlı olmasına xidmət edir.

"Bu cür layihələr vergi inzibatçılığının rəqəmsallaşması istiqamətində mühüm addımdır. Belə sistemlər təkcə vergi ödəyiciləri üçün deyil, həm də dövlətin fiskal nəzarət mexanizmlərinin daha şəffaf və effektiv işləməsi üçün əhəmiyyətlidir," - deyə Eyyub Kərimli əlavə edib.

O, Dövlət Vergi Xidmətinin bu layihə ilə yanaşı, biznes qeydiyyatı və idarəetmə proseslərinin elektronlaşdırılması kimi təşəbbüslərini də yüksək qiymətləndirərək, bu addımların iqtisadi inkişafın və şəffaflığın təmin edilməsində mühüm rol oynayacağını vurğulayıb.

 

Pərvanə Fərhadqızı

Seçilən
45
qht.az

1Mənbələr