Aydın Xan Əbilov: “Azərbaycan nəinki türk dünyasının, o cümlədən Şərqin də unikal ölkəsidir”
Lənkəran şəhəri “2024-cü ildə Türk dünyasının gənclər paytaxtı” elan edilib. Bu barədə qərar Qırğızıstanın paytaxtında keçirilən Türk Dövlətləri Təşkilatı (TDT) Dövlət Başçıları Şurasının 11-ci iclasının yekunları üzrə qəbul edilib.
Bişkek sammitinin yekunlarına əsasən, təşkilata sədrlik Qazaxıstandan Qırğızıstana keçib.
Qeyd edək ki, təşkilata üzv ölkələrin liderləri sammitin 2025-ci ildə Azərbaycanda keçirilməsini təsdiqləyiblər.
“Lənkəran şəhərinin “2024-cü ildə Türk dünyasının gənclər paytaxtı” elan edilməsi o deməkdir ki, bu şəhər həm Azərbaycan, həm də türk dünyası mədəniyyətinə çox böyük töhfələr verir”
Lənkəran şəhərinin “2024-cü ildə Türk dünyasının gənclər paytaxtı” elan edilməsinin əhəmiyyəti haqqında danışan Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, www.kitabxana.net - Mir Cəlal Paşayev adına Milli Virtual-Elekteon Kitabxananin təsisçisi, Prezident təqaüdçüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilov “Bakı-Xəbər”ə açıqlamasında qeyd etdi ki, Azərbaycan nəinki türk dünyasının, o cümlədən, Şərqin də unikal ölkəsidir: “Asiya və Avropa sivilazisiyası məhz Azərbaycanda qovuşur. Ölkəmizin hər bir şəhəri, kəndi, rayonu araşdırılanda Azərbaycan, türk və şərq mədəniyyətinin özəlliyi hiss edilir. Bəzi hallarda isə xristisan, atəşpərəstlin də izləri görünür. Dünyanın çox azsaylı ölkəsi var ki, orda həm xristianlıq, həm zərdüştlük, həm islamın müxtəlif məzhəblərinin inanc yerləri, dini yerləri var. Bizdə islam dininə aid abidələr, ziyarətgahlar olmaqla yanaşı, xristian dininə aid abidələr də var. Bu səbəbdən də xarici ölkələr Azərbaycanı həm turizm, həm mədəniyyət, həm də sivilazasiya mərkəzi elan edirlər. Məlumdur ki, Şuşa da Türk Dünyasının Mədəniyyət Mərkəzi seçildi. Bununla yanaşı, Kəlbəcər də MDB ölkələrinin mədəniyyət paytaxtı seçilib. Belə bir vaxtda Lənkəran şəhərinin “2024-cü ildə Türk dünyasının gənclər paytaxtı” elan edilməsi həmin silsilənin davam etməsidir”.
Həmsöhbətimiz onu da əlavə etdi ki, Lənkəran Azərbaycanın cənub qapısı, qalasıdır. Lənkəran Azərbaycan və türk dünyasına çox böyük elm, sənət, mədəniyyət və digər sahələr üzrə şəxsiyyətlər bəxş etmiş bir diyardır: “Lənkəran şəhərinin “2024-cü ildə Türk dünyasının gənclər paytaxtı” elan edilməsi o deməkdir ki, bu şəhər həm Azərbaycan, həm də türk dünyası mədəniyyətinə çox böyük töhfələr verir. Onu da deyim ki, lənkəranlı mədəniyyət xadimləri Türkiyə, Rusiya, Avropa və türk ölkələrində böyük nüfuz qazanıb”.
Kulturoloqun sözlərinə görə, Türk dünyası böyük sivilizasiyadır. Türk dünyası müxtəlif etnik, din, dil fərqliliyi olan xalqları birləşdirir. Türk dünyası deyəndə tək türkdilli Orta Asiya ölkələri, Şimali Kipr nəzərdə tutulmur: “Borçalı elində, Qərbi Azərbaycanda, Suriya, Əfqanıstan, hətta Hindistanda da belə yaşayan moğol türkləri var”.
A.X.Əbilov bildirdi ki, Lənkəran turizm mərkəzi kimi də seçilir. Gözəl təbiəti, qoruqları, subtropik şərait, meşələri, havası dünyaya çox mesaj verir. Hətta Lənkərana Cənnətin Yer kürəsindəki əksi də deyirlər: “Onu da deyim ki, elan edilən günlər, mədəniyyət paytaxtları ölkənin kreativ mədəniyyətinin inkişafına səbəb olur. Məlumdur ki, Azərbaycan turizmi son illər sürətlə inkişaf edir. Lənkəran şəhərinin “2024-cü ildə Türk dünyasının gənclər paytaxtı” elan edilməsi ölkə turizminin inkişafına səbəb olacaq”.
Günel CƏLİLOVA