Ötən gün “Kasımpaşa”dan ayrılan türkiyəli mütəxəssis Sami Uğurlu Super Liqanın digər təmsilçisi “Alanyaspor”un baş məşqçisi təyin edilib.
Arena.az bu barədə Alanya klubunun mətbuat xidmətinə istinadən xəbər.
46 yaşlı mütəxəssislə 1,5 illik müqavilə imzalanıb. O, 2026-cı ilin 30 iyununa qədər Alanya təmsilçsinə rəhbərlik edəcək.
Sami Uğurlu “Alanyaspor”un sükanı arxasında bir neçə gün öncə istefa vermiş Fatih Tekkeni əvəz edib.
Xatırladaq ki, Fatih Tekke 2023-cü ilin noyabr ayından “Alanyaspor”a rəhbərlik edirdi. 40 yaşlı mütəxəssis bu komandanı bütövlükdə 40 oyuna çıxarıb. Alanya klubu bu görüşlərdə 12 qələbə qazanıb, 16 heç-heçə edib, 12 məğlubiyyətə üzülüb.
Cari mövsümdə isə Alanya təmsilçisi keçirdiyi 11 oyunda cəmi 2 qələbə qazanıb, 4 heç-heçə edib, 5 məğlubiyyətlə üzləşib. Komanda hazırda Super Liqada 10 xalla 15-ci pillədə qərarlaşıb.
Fatih Tekke məşqçilik karyerası ərzində Türkiyənin U-23 yığmasına, həmçinin “Kayseri Ərciyəsspor”, “Boluspor”, “Manisaspor”, “Dənizlispor”, “Bursaspor” və “İstanbulspor” kimi komandalara da rəhbərlik edib.
Sami Uğurlu isə 2023-cü ilin noyabr ayınan “Kasımpaşa”nın baş məşqçisi vəzifəsində çalışırdı. O, bu müddət ərzində İstanbul təmsilçisini 38 oyuna çıxarıb. Komanda bu görüşlərdə 15 qələbə qazanıb, 10 heç-heçə edib, 13 məğlubiyyətə üzülüb.
Sami Uğurlu daha öncə də “Kasımpaşa”da çalışıb. O, 2021-ci ilin oktyabrından dekabrına kimi bu klubda köməkçi-məşqçi kimi fəaliyyət göstərib, 2021-ci ilin dekabrından 2022-ci ilin avqustuna kimi isə baş məşqçi olub. Türkiyəli mütəxəssis 2023-cü ildə “Bandırmaspor”a da rəhbərlik edib.