AZ

Almaniyadakı böhranın arxasındakı 700 milyard $-lıq səbəblər

Almaniya erkən seçkilərlə üz-üzə qalarkən, mövcud koalisiyanı böhrana sürükləyən səbəblər arasında iqtisadi amillər əsas rol oynayır.

Valyuta.Az-ın "Bloomberg"ə istinadla verdiyi məlumatına əsasən, 2010-cu ildən bəri böyük şirkətlərin ölkədən 650 milyard avroluq (700 milyard dollar) kapital çıxarması, ölkənin rəqabət qabiliyyətini və məşğulluğunu ciddi şəkildə təzyiq altında qoyan faktor kimi diqqət çəkir.

ABŞ-da Donald Trampın yenidən seçilməsinin müzakirələri getdiyi bir vaxtda Avropanın ən böyük iqtisadiyyatı olan Almaniyada siyasi böhran baş qaldırıb.

Son dövrlərdə “Volkswagen” kimi şirkətlərin istehsalı dayandırması xəbərləri ilə gündəmə gələn Almaniya iqtisadiyyatında rəqabət qabiliyyətinin və məşğulluğun zəifləməsi siyasi sahədə də sarsıntılara səbəb olub.

"Bundesbank"ın məlumatlarına görə, aralarında kimya nəhəngi “BASF SE”, avtomobil təchizatçısı “ZF Friedrichshafen AG” və məişət texnikası istehsalçısı “Miele & Cie. KG” kimi şirkətlərin də yer aldığı müəssisələr 2010-cu ildən bəri 650 milyard avrodan çox net kapital çıxışına səbəb olaraq vəsaitlərini ölkə xaricinə yönəldib. Bu kapital çıxışının təxminən 40%-i Olaf Şoltsun rəhbərlik etdiyi koalisiya dövründə baş verib.

Almaniyada siyasəti böhrana sürükləyən vəziyyətin əsas səbəbləri yüksək enerji qiymətləri, köhnəlmiş texnologiya və həddindən artıq bürokratiyadır. Bu şərait ölkə daxilində əsas şirkətləri uzaqlaşdırmaqla yanaşı, xarici kapitalı cəlb etmək səylərinə də mane olur.

Trampın proteksionist tədbirlər görmək təhdidləri uzun müddətdir ciddi islahatların qarşısını alan siyasi çıxılmaz vəziyyəti daha da dərinləşdirərək Şoltsun işini çətinləşdirir.

Almaniyadan şirkət axını

“Volkswagen”in daxili investisiyaları azaltması və “Intel”in Almaniyanın şərqində böyük dövlət subsidiyaları ilə dəstəklənən zavod layihəsinin çətinliklərlə üzləşməsi ilə əlaqədar olaraq, ölkədə kapital çıxışı əsas mövzuya çevrilib.

Almaniya İqtisadiyyat İnstitutunun iqtisadçısı Kristian Ruşe, “Keçmişin Alman iş modeli artıq işləmir. Şirkətlər getdikcə başqa yerlərə yönəlir,” deyə açıqlama verib.

Mütəxəssislərin fikrincə, Almaniya daxili və xarici investorları istiqamətlərini dəyişməyə inandıra bilməzsə, uzunmüddətli tənəzzüllə üzləşəcək və digər inkişaf etmiş sənaye ölkələrindən daha da geri qalma riski ilə üz-üzə qalacaq. Bu, seçiciləri narahat edən və daha çox siyasi qarışıqlığa səbəb olan mənfi bir dövr yarada bilər.

Rəhim

Seçilən
18
1
valyuta.az

2Mənbələr