Qarabağ Zəfərinin 4-cü ildönümü münasibətilə İstanbulun Yeni Yüzyıl Universitetində “Zəfər bayramı” mövzusunda konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbir “Karabakh Azerbaijan!” Milli Platformasının Türkiyə baş koordinatorluğu və “Qarabağ Azərbaycandır” Koordinə Etmə Dərnəyi tərəfindən təşkil edilib.
Konfransda çıxış edən Milli Platformanın Türkiyədəki baş koordinatoru Elvin Abdurahmanlı və Yeni Yüzyıl Universitetinin rektoru professor Onu Yaşar Hacısalihoğlu Qarabağ Zəfərinin yalnız Azərbaycanın əzəli torpaqlarının geri alınması deyil, eyni zamanda, beynəlxalq hüququn bərqərar olması kimi qiymətləndiriblər.
Ümummilli Lider Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamını yada salan natiqlər Azərbaycan ilə Türkiyə arasındakı əzəli qardaşlıq bağlarının məhz bu prinsip əsasında hər gün daha da inkişaf etdirildiyini deyiblər.
Sonra İkinci Qarabağ müharibəsinin beynəlxalq hüquqda yaratdığı rezonans, Ermənistanın 30 illik işğalının beynəlxalq hüquqa təsiri, İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan-Türkiyə münasibətləri kimi mövzularda məruzələr dinlənilib.
Sonda məruzəçilərə təşəkkür plaketləri təqdim olunub.