AZ

Qənirə Paşayeva adına təqaüd

Beyazıtdan Çemberlitaşa çıxarkən sizi İstanbulun bütün dövrlərini əhatə edən bir-birindən gözəl tarixi əsərlər gözləyir. Bir tərəfdə Ayasofya və Sultanahmet camisi, qarşısında isə iki mərtəbəli, ancaq ehtişamlı bir bina. Bura əvvəllər ibtidai məktəb (sıbyan okulu) olub. 1978-ci ildən – tanınmış türk ədəbiyyatçısı və yazarı Ahmet Kabaklı (1924-2001) tərəfindən qurulan Türk Ədəbiyyat Vəqfi burada yerləşir.

Türk Ədəbiyyat Vəqfi yayınladığı kitablar və hazırladığı ədəbiyyat dərgiləri ilə ölkənin mədəniyyət həyatında aktiv rol oynayır. Çox sayıda aydın insanın həftədə bir dəfə – çərşənbə günləri toplandığı “Ədəbiyyat söhbətləri” də bu tarixi binada keçirlir.

6 noyabr 2024 tarixində mən də bir qrup yaxın ətrafımla Türk Ədəbiyyat Vəqfi və onun hörmətli başqanı Serhat Kabaklının qonağı idik. Çərşənbə günü idi, ancaq o günün proqramı ədəbiyyatı aşıb, daha geniş bir Dünyanı – Qənirə Paşayeva Dünyasını qucaqlayacaqdı.

Türk Ədəbiyyatı Vəqfi Qənirə Paşayevanın vəfatının 1-ci ildönümündə onun beş kitabını nəşr edib. Bu əsərlərin müəllif hüquqları və satışından əldə olunan gəlir Türk Dünyasından Türkiyədə ali təhsil alan tələbələrə “Qənirə Paşayeva Bursu (Təqaüdü)” olaraq veriləcək.

Bu səbəblə Vəqfdə keçirilən anma və kitabların təqdimat toplantısında iştirak edən alim və ədəbiyyatçılar, Qənirə xanımla bərabər çalışmış və müştərək layihələr həyata keçirmiş qonaqlar bu bənzərsiz Dava insanı haqda xatirələrini paylaşdılar, onun adını daşıyacaq tələbə təqaüdününün mənəvi tərəfindən bəhs etdilər.

Maltepe universitetinin müəllimi Ramazan Korkmaz Qənirə Paşayevanın ədəbi mirasından, “Türk Edebiyatı” dərgisinin Baş redaktoru, tanınmış yazar İmdat Avşar Qənirə xanımla uzun illərə dayanan dostluqları ilə onun kitablarını çapa hazırlaması ilə bağlı xatirələrini dilə gətirdilər.

Mənim üçün belə mərasimdə çıxış etmək, 25 illik gözəllər gözəli dostum haqda onun əngin fəaliyyəti haqda nəsə demək çox ağır və iztirab verici idi. Xüsusilə də əgər qarşımda, salonun ilk cərgəsində Tehran xanım oturmuşdusa…Qənirə xanımın Türk Dünyası qarşısındakı xidmətlərindən bəhs etməklə kifayətləndim…

Kəmalə Paşayeva da dəyərli bacısının kitablarının satışı ilə ediləcək gəlirdən veriləcək təqaüdü çox anlamlı bulduğunu, Qənirə xanımın ruhunu şad edəcəyini ifadə etdi, kitabın ərsəyə gətirilməsinə dəstək olan dostumuz, iş adamı Mert Sanaça təşəkkürlərini bildirdi.

Serhat Kabaklı Hoca da belə bir təşəbbüsü həyata keçirdiklərindən dolayı məmnuniyyət duyduqlarını bildirdi…70 yaşlı bir münəvvərin qəhərlənməsi bizə itkimizin nə qədər böyük və yerinin doldurulmaz olduğunu hiss etdirdi bir daha…

Kədər və sevincin qəribə bir vəhdəti haqda düşündüm o tarixi binada…

Seçilən
12
1
modern.az

2Mənbələr