“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının Liqa mərhələsinin 4-cü turunda “Bodo Qlimt”ə qarşı keçirdikləri oyunu şərh edib.
Arena.az xəbər verir ki, Norveçdə baş tutan qarşılaşma Ağdam təmsilçisi üçün uğurlu alınıb.
Azərbaycan çempionu rəqibini 2:1 hesabıyla məğlub edib. Matçdan sonra Qurbanov Ağdam klubunun rəsmi saytına açıqlamasında görüş barədə fikirlərini bildirib:
“İlk olaraq futbolçularımı təbrik edirəm. Meydança və hava amili, eləcə də uzun səfər və ilk üç oyunda məğlubiyyət istər-istəməz təsir edirdi. Amma matçdan əvvəl söhbətimiz oldu ki, uğur qazana bilərik. Futbolçularım sağ olsunlar, meydandakı hərəkətləri, mübarizələri ilə qələbə qazandılar. Çox yaxşı komandaya qalib gəldik. “Bodo Qlimt”in oyun dəst-xəttinin, Norveç futbolunun inkişafda olmasının bu gün də canlı şahidi olduq”.
Qurban Qurbanov Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. Təcrübəli mütəxəssis belə bir gündə qalibiyyətin onlar üçün vacib olduğunu söyləyib:
“Zəfər Günündə, bəlkə də, bütün Azərbaycan oyunumuza baxırdı və bizdən qalibiyyət gözləyirdi. Şükürlər olsun, futbolçularım belə bir zəfər əldə etdilər. Bütün azarkeşlərimizi, rəhbərliyi təbrik edirəm. Amerikadan bura gələn azarkeşlərimizə də təşəkkür edirəm. Onlar bizim bütün matçlarımızda iştirak edirlər”.