AZ

“Qarabağ” özünə gəldi

“Qarabağ” təzyiqlərdən qismən qurtuldu. Məşqçi və futbolçuların özünü də sıxan xalsızlıq, turnir cədvəlində sonuncu olmaq bitincə hamı rahat nəfəs aldı.

Avropa Liqasının ilk 3 turunda xal görməyən ağdamlıların Norveç səfərində də işi asan olmayacaqdı. “Bodo Qlimt”in mövsümə əla başlaması rəqibdən çəkinməyə əsas verirdi.

Matçın ilk dəqiqələri meydan sahiblərinin böyük üstünlüyü ilə keçdi. Topsuz qalan “Qarabağ” həddindən artıq bərbad oynayırdı. Bəzən xaotik müdafiə olunan təmsilçimiz yalnız hissənin ortalarında özünə gəldi. Amma yenə də Julio Romao, Yasin Benzia və Leandro Andradenin yoxluğunda yarımmüdafiə dişsiz görünürdü. Qurban Qurbanovun start heyətində etdiyi dəyişikliklər fayda vermirdi.

Bununla belə, “Qarabağ” təcrübəsi, biir də Toral Bayramovun qeyri-standart qərar verib zərbə vurması nəticəsində hesabı açdı. Rəqib Abbas Hüseynovun mövqe səhvindən yararlanaraq tezlikə bərabərlik qolunu vursa da, komandada xal apara bilmək ümidi yarandı. Baş məşqçinin əvəzetmələrindən sonra hücumda daha istəkli, daha kombinasiyalı oyun izləməyə başladıq. Bunun nəticəsində Abdullah Zubir liderliyi üzərinə götürüb qələbə qolunu vurdu.

Norveçdə qazanılan xallar “Qarabağ”ın hədəfə doğru addımlamağa inamını artırdı. Komanda autsayderlikdən qurtuldu, birdən-birə29-cu pilləyə yüksəldi, növbəti rəqiblərdən xallar almaq ehtimalı daha çoxdur. İndi qalan iki ev oyununun əhəmiyyəti daha da artıb. Səfər matçlarından ən azı “Elfsborq”la görüşdə qələbə qazanmaq mümkün olsa, Ağdam təmsilçisi turnir cədvəlinin ortalarına qalxa biləcək.

O da var ki, “Qarabağ” bu mövsüm qrupdakı ən zəif oyununu keçirərək qələbə qazandı. Sanki əvvəlki matçlardakı şanssızlığın əvəzi çıxıldı. Rəqibin bir neçə dəfə qol fürsətini boşa verməsi də işimizə yaradı. İstənilən halda, təmsilçimiz özünə gəldi. İkinci yarıdakı oyunlar daha maraqlı olacaq.

FƏRİD

Seçilən
18
futbolinfo.az

1Mənbələr