AZ

Avropa Komissiyasının rəhbəri nədən və niyə “gizlənir”?

Fon der Lyayenin “manipulyasiyası”...

Azərbaycan, qlobal iqlim dəyişikliyi ilə mübarizədə lider ölkələr sırasında yer almaq üçün yalnız regional səviyyədə deyil, beynəlxalq platformalarda da aktiv iştirak edir. Qlobal iqlim müzakirləri, COP təşəbbüsündə önəmli rol oynaması ölkəmizin həm də bu mövzuda beynəlxalq əməkdaşlığa dəstəyini nümayiş etdirir. Azərbaycan COP29 çərçivəsində karbon emissiyalarının azaldılması, təmiz enerji keçidinin sürətləndirilməsi və davamlı inkişafın təmin edilməsi üçün geniş tədbirlər planı təqdim edir - bu təşəbbüs çərçivəsində ölkənin beynəlxalq səviyyədə gördüyü tədbirlər onun iqlim dəyişikliyi ilə mübarizədə qlobal liderlik mövqeyini daha da gücləndirir.

İqlimə ən çox ziyan vuranlar...

Təəssüfləndirici haldır ki, bəzi beynəlxalq strtukturlar Azərbaycanın bu təşəbbüsündən yayınmaqla qlobal problemin həllində iştirak etmək istəmir.  Təbii ki, ortadakı “problem” hər kəsə bəllidir - məsələn, Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayenin COP29-da iştirak etməyəcəyini bəyan etməsi onun məsuliyyətdən yayınmaq cəhdidir. Halbuki Fon der Lyayen bu mövzuda beynəlxalq gündəliyin formalaşmasında iştirak etməli, təmsilçisi olduğu coğrafi regionun məsuliyyətini bölüşməlidir.  Axı Aİ ölkələri ümumilikdə 1990-cı ildən bəri karbon emissiyalarını azaltmaq sahəsində mühüm nailiyyətlər əldə etsələr də, hələ də dünyada yüksək karbon emissiyasına malik regionlardan biridir. 2022-ci ildən bu yana Aİ ölkələrinin karbon emissiyaları enerji sektorunda - xüsusən də kömürdən istifadənin artdığı elektrik istehsalında yüksəlib. Bu artım əsasən enerji böhranı və təbii qazın qiymətinin kəskin artımı ilə bağlıdır. Bəzi kömürdən daha çox asılı olan ölkələr bu sektorda yüksək emissiyalarla diqqət çəkir.

Eynilə, nəqliyyat sektoru Aİ-nin iqlimə vurduğu ziyanın əsas “fundamental” səbəblərindən biri kimi önə çəkilir. Aİ-nin istixana qazlarının təxminən 25 faizi nəqliyyat sektorundan qaynaqlanır, xüsusilə avtomobil və yük maşınları yüksək emissiya mənbələridir. 2021-ci ildən sonrakı dövrdə nəqliyyat emissiyaları artmaqda davam edib və Aİ-nin 2030-cu ilə qədər bu sahədə hədəflərinə çatmaq üçün illik emissiya azalmalarını ikiqat artırması tələb olunur. Göründüyü kimi, Fon der Lyayenin Avropa Komissiyası rəhbəri statusunda təmsil etdiyi təşkilatın və onun üzvlərinin məsuliyyəti, yaşıl gündəliyə və çağırışa cavabı maraq doğurur.

Aİ göstərilən problemlərin həlli üçün...

Halbuki statistik rəqəmlər, göstəricilər real həqiqəti ortaya qoyur - bu gün Aİ iqlim dəyişikliyi məsələsində əsas cavabdehlərdəndir. Aİ-nin istixana qazı tullantılarına metan, azot oksidləri və digər zəhərli qazlar daxildir. Xüsusən kənd təsərrüfatı və tullantı sektorlarında metan emissiyaları narahatlıq doğurur. 2023-cü ildə Aİ-nin “Fit for 55” planı çərçivəsində üzv ölkələr kənd təsərrüfatında emissiyaları azaltmaq üçün yeni tədbirlər qəbul etməyi nəzərdə tutublar.

Paralel olaraq meşələrin kəsilməsi və təbii torpaq resurslarının məhv edilməsi Avropanın karbon udma qabiliyyətinə mənfi təsir göstərir. Məsələn, İspaniya, Portuqaliya və Yunanıstanda baş verən meşə yanğınları Aİ-nin təbiətə vurduğu ziyanı daha da artırıb. Meşə yanğınları nəticəsində atmosferə buraxılan karbon miqdarı artıb və ekosistemlərə ciddi zərər vurulub. Aİ meşələrin bərpası və torpağın qorunması üzrə addımlar atsa da, bu sektor hələ də yüksək risk altında qalır.

Avropa həm də plastik tullantılar və dəniz çirklənməsi ilə mübarizə aparmalıdır - hər il Aİ-də milyonlarla ton plastik tullantı meydana çıxır və bunların böyük bir qismi təbiətə, xüsusilə dənizlərə və çaylara buraxılır. Xüsusilə Aralıq dənizi sahilləri və Baltik dənizi plastik tullantılarla çirklənib. Aİ üzv ölkələri dəniz çirklənməsi ilə mübarizə üçün qanunlar qəbul etsə də, tullantıların azaldılması və təkrar emalın artırılması sahəsində daha çox tədbir tələb olunur.

Bütün bu problemlərdən qaçmaq olmaz - tam əksinə, beynəlxalq aləmin iştirakı ilə bu çətin situasiyadan qurtulmağın yolları axtarılmalıdır. Azərbaycan məhz bu platformanı təqdim və təklif edir - bu təklifdən yayınmaq bütövlükdə iqlimin təmizlənməsi, təbiətin qorunması prosesindən yayınmaq deməkdir ki, bu da qlobal cinayətə bərabərdir. Çünki göstərilən problemlərin həlli üçün Aİ-dən 2030 və 2050 iqlim hədəflərinə çatmaq məqsədilə daha güclü qanunvericilik və təbii resursların qorunması tədbirləri tətbiq olunması vacibdir - Fon der Lyayenin “yayınma taktikası” isə onu göstərir ki, Aİ prosesləri skeptik şəkildə dəyərləndirir...

Aİ-nin iqlim komissarı Fon der Lyayeni ifşa edir...

Ən təzadlı məqam isə Aİ-nin ayrı-ayrı rəsmilərinin “SOS” səsləndirdiyi bir vaxtda Fon der Lyayenin nümayiş etdirdiyi “susqunluq” və ya “boyun qaçırmasıdır”. Halbuki az müddət öncə Pre-COP29: Ambisiyaların Yüksəldilməsi və Fəaliyyətin Aktivləşdirilməsi çərçivəsində keçirilən panel müzakirəsində iştirak və çıxış edən Aİ-nin İqlim Fəaliyyəti üzrə Komissarı Vopke Hoekstra bildirmişdi ki, gələcək nəsillər iqlim dəyişikliyi ilə mübarizənin çətin olması bəhanəsini qəbul etməyəcək. O demişdi ki, bizim seçimimiz yoxdur. Sitat: “Burada yaxşı, ya pis seçimimiz yoxdur. Bizim artıq 2035-ci ilə qədər məqsədlərimiz var. 2050-ci ilə qədər xalis 0 məqsədinə nail olmalıyıq. Gördüyümüz işlərin elmi əsasları olmalıdır. Biz prosesləri sürətləndirməliyik. İqlim dəyişikliyinin həm Yer kürəsinə təsirini, həm də ölkələrin nə etməli olduğunu bilməliyik. Biz iqlim dəyişikliyinin təsirini qiymətləndirməliyik. 3 ay ərzində sorğular keçirmişik. Sorğu nəticəsi göstərir ki, daha cəsarətli addımlara ehtiyac var. Biz 90 faiz hədəfləri 2040-cı ilə qədər çatdırmaq istəyirik. Aİ ilə digər ölkələrin əməkdaşlığı ilə məqsədləri reallığa çevirməliyik”.

Bu, Aİ-nin İqlim Fəaliyyəti üzrə Komissarının fikirləridir. Fon der Lyayenin “cığallığı” və COP29 kimi tədbirdən boyun qaçırması isə səslənən bu qlobal məsələlərə laqeydliyini sübuta yetirir...

P.İSMAYILOV

Seçilən
60
yeniazerbaycan.com

1Mənbələr