AZ

Deputat: “Zəfər Günü tariximizin dönüm nöqtəsidir”

“44 günlük Vətən müharibəsi tariximizin ən şərəfli mərhələsidir”.

Bu sözləri İqtisadiyyat.az-a açıqlamasında Milli Məclisin deputatı Fazil Mustafa deyib.

“Çünki biz 1918-ci ildən bu yana ilk dəfədir ki, bütöv və böyük hərbi qələbə qazana bildik və torpaqlarımızı işğaldan  azad etdik. Bu hadisə Azərbaycanı bütövləşdirdi. İlk dəfədir ki, biz Qarabağa daha müstəqil şəkildə qədəm qoya bildik. Hətta Sovet dövründə belə Qarabağın elə əraziləri var idi ki, orada Azərbaycan hakimiyyətinin imkanları məhdud idi. Lakin ilk dəfə ölkə Prezidentinin böyük qətiyyəti sayəsində biz bunu edə bildik. Azərbaycan əsgər və zabitlərinin, şəhidlərinin canı və qanı hesabına torpaqlarımız azad oldu. Bu, tariximizin dönüm nöqtəsi idi”, - deputat söyləyib.

F.Mustafa qeyd edib ki, Azərbaycan xalqı Zəfər tarixini daha böyük şükranlıqla qiymətləndirməlidir: “Çünki, bu bizim həqiqətən də geri dönüşü olmayan böyük bir uğurumuzdur. Bundan sonrakı mərhələdə də məsələlərə məhz Zəfər prizmasından yanaşmalıyıq. Bu bizim mənəvi və insani borcumuzdur. Çünki, bir Azərbaycan vətəndaşı olaraq, artıq boynubükük gəzməkdən qurtulmuşuq. Məzlum, döyülmüş, qaçqın, köçkün kimi adların altından qalxa bildik. Ona görə də bu bizim üçün əvəzolunmaz bir bayram hadisəsidir. Bunu da fəxrlə qeyd etməyə Azərbaycan xalqının tam mənəvi haqqı çatır. Çünki bu qələbə bütövlükdə xalqın qələbəsidir”.

 

İsmayıl Bakuvi

Seçilən
39
iqtisadiyyat.az

1Mənbələr