Zimbabve ən pis seçimdir. Afrikalılar gəlsələr, gərək ancaq Soçi, Stavropol tərəflərdə işləsinlər
Rusiya üçün ənənəvi işçi qüvvəsi ilk növbədə post-sovet məkanındakı respublikalardan olanlardır
Bu ölkələrdən gələn işçi qüvvəsi həm intellektual nöqteyi-nəzərdən üstündür, həm də iqlim şəraitinə uyğunlaşmaq baxımından, çünki Rusiyanın iqliminə bələddirlər
Rusiyaya başqa qitədən işçi qüvvəsi göndərilə bilər. Publika.az TASS-a istinadla xəbər verir ki, Rusiyada tikinti sənayesi yüksəliş dövrünü yaşayır və yeni işçilərə ehtiyac var. Miqrantlar üçün qanunvericilik sərtləşir, lakin insan resurslarına ehtiyac aradan qalxmayıb. Mərkəzi Asiyadan olan (Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan, Tacikistan) miqrantların əvəzinə Zimbabvedən olan işçilər Rusiyaya gələ bilər. Bu barədə yerli “The Herald” qəzeti respublikanın milli mənzil və sosial xidmətlər naziri Soda Zemu ilə Rusiya Federasiyasının tikinti və mənzil-kommunal təsərrüfat nazirinin müavini Nikita Stasişinin görüşündən sonra məlumat verib. Zimbabve də Rusiyanın malik olduğu irimiqyaslı mənzil tikintisi təcrübəsini mənimsəməkdə maraqlıdır. Söhbət ilk növbədə sosial mənzillərdən gedir. Xatırladaq ki, Rusiyada son altı ayda miqrantlarla bağlı qanunvericilik tədricən sərtləşdirilib. İddia edilir ki, miqrantların iştirakı ilə baş verən hadisələrin sayının artması səlahiyyətliləri hərəkətə keçməyə vadar edir. Belə ki, bundan sonra əcnəbilər ölkəyə gəldikdən sonra bütün biometrik məlumatları bazaya daxil ediləcək. Qeyri-leqal miqrasiyaya görə məsuliyyət xeyli sərtləşdirilib və demək olar ki, hər gün qeyri-leqal immiqrantlar Rusiyanı çox vaxt ailələri ilə birlikdə tərk edirlər. Çox vaxt insanlar Rusiya vətəndaşlığının və yaşayış icazəsinin təmin etdiyi sosial müavinətlər üçün bütün ailələrini buraya gətirirlər.
İqtisadçı Fuad İbrahimov “Sherg.az"a açıqlamasında bildirdi ki, Rusiya hökuməti qanunvericiliyə bir sıra dəyişikliklər etməklə miqrasiya qaydalarını xeyli sərtləşdirib. Miqrantlarla bağlı mütəmadi reydlər keçirilir, saxlanılan şəxslərdən sənədlər tələb edilir, alınan genetik məlumatlar federal məlumat bazasına daxil edilir. Bu, ölkə ərazisində müvəqqəti məskunlaşmış və ya qeyri-qanuni yaşayan miqrantlar haqqında ətraflı, dəqiq məlumatlara malik olmaq məqsədi daşıyır:
- Rusiya Federasiyası daxili işlər nazirinin birinci müavini Aleksandr Qorovona istinadən verilən məlumatda bildirilirdi ki, hazırda Rusiyada xarici vətəndaşlığı olan 6,174 milyon insan var. Özbəkistan, Tacikistan, Qırğızıstan, Belarus, Ukrayna, Ermənistan, Azərbaycan, Qazaxıstan, Çin və Türkmənistan Rusiya Federasiyasında yaşayan vətəndaşlarının sayına görə ilk on ölkə sırasındadır. Miqrantlara nəzarəti gücləndirmək üçün hökumət ölkə ərazisindəki əməkçi miqrantların reyestrini yaradır. Bu reyestrdə qeydiyyatda olan miqrantların bir çox məsələlərdə hüquqları məhdudlaşdırılır. Məsələn, hansısa müqavilələrin bağlanması, nikah müqavilələri, iş icazələrinin alınması və sair məsələlərdə əməkçi miqrantlar məhdudiyyətlərlə üzləşirlər. Bununla da, Rusiya hökuməti qeyri-qanuni miqrasiya ilə mübarizəni ön plana çəkdiyini, müxtəlif məhdudiyyətlər tətbiq etməklə miqrasiya qaydalarını sərtləşdirdiyini aşkar şəkildə bildirir. Məqsəd də budur ki, ölkə ərazisində qeyri-qanuni miqrantların sayı azalsın. Amma Rusiyanın hər zaman olduğu kimi ucuz işçi qüvvəsinə də ehtiyacı var. Bu ehtiyac azalmayıb. Rusiyada hazırda 6 milyondan çox miqrant yaşayır, işləyir. Bu qədər insana nəzarət etmək əlbəttə çətindir, ona görə də elə qaydalar tətbiq edirlər ki, onlara riayət etmək miqrantlar üçün çətin olsun və getdikcə bu say azalsın. Amma işçi qüvvəsinə ehtiyacları var axı. Zimbabvedən ucuz işçi qüvvəsi zənn etmirəm ki, Rusiya tikinti sektorunun köməyinə çatsın.
F.İbrahimov qeyd etdi ki, Zimbabve Afrika ölkəsi, iqlimi sub-ekvatorial və ekvatorialdır. Rusiya isə əsasən kontinental, yarı arktik, qismən subtropik və yarı quraq iqlimə malikdir:
- Ucuz işçi qüvvəsi axtarırlarsa, Zimbabve ən pis seçimdir. Afrikalılar gəlsələr, gərək ancaq Soçi, Stavropol tərəflərdə işləsinlər. Həm də yay mövsümündə. İqlim şəraitinin təsiri belə məsələlərdə böyük önəm daşıyır. Mən özüm Afrikada olmuşam, işlərimiz olub, gedib-gəlmişəm. Təsəvvür edin ki, Azərbaycan 11 iqlim qurşağından 9-na malikdir, eləmi? Əslində, bu bizim üçün böyük üstünlükdür. Biz qızmar yay da görürük, sərt qış da. Amma bizdə olmayan həmin o 2 iqlim qurşağının olduğu ölkədə qalmaq artıq çətinlik yaradır. O 1-2 iqlim qurşağının havasına dözə bilmirik. Afrika ölkəsi Zimbabvedən işçilər gəlib Rusiyada necə işləyəcək? Yayda işləyib qışda işləyə bilməyəcəklərsə, bu siyasət heç bir effekt verməyəcək. Rusiya üçün ənənəvi işçi qüvvəsi ilk növbədə post-sovet məkanındakı respublikalardan olanlardır. Moldova, Ukrayna, Azərbaycan, Ermənistan, Gürcüstan və Orta Asiya. Bu, həmişə belə olub, belə də davam edəcək. Bu ölkələrdən gələn işçi qüvvəsi həm intellektual nöqteyi-nəzərdən üstündür, həm də iqlim şəraitinə uyğunlaşmaq baxımından, çünki Rusiyanın iqliminə bələddirlər. Bu işçi qüvvəsindən istifadə etmək daha səmərəlidir, nəinki Afrikada ucuz işçi qüvvəsi axtarmaq. Tikinti sektorunda ucuz işçi qüvvəsi itki verəcək. Qışda kim işləyəcək afrikalıların əvəzinə? Rusiyanın sərt qışında onlar işləyə bilməyəcəklər. İqlimə uyğunlaşmayacaqlar. Çətin olacaq onlar üçün. İşçi, fəhlə tələbə deyil ki, yataqxanada qalsın, tətildə evnə qayıtsın. Rusiya hökuməti hər nə qədər miqrasiya qaydalarını sərtləşdirsə də, apardığı müharibə, iqtisadi sanksiyalar, həm də rusların yaşayış ənənəsi, mövcud sosial kateqoriya yenə də ənənəvi miqrantlara tələbat yaradacaq. Elə işlər, sahələr var ki, ruslar orada işləmirlər. Tikinti sektorudur, bazarlardır, kiçik müəssisələrdir, bu sahələrdə ənənəvi olaraq miqrantlar çalışır. Ucuz işçi qüvvəsi axtarışını Afrikada aparmaq faydasızdır. Bu, iqtisadi cəhətdən uçuruma enmək deməkdir.