AZ

Manatla bağlı mühüm xəbər - TARİX AÇIQLANDI

İqtisadçı Natiq Cəfərli Modern.az-a açıqlamasında, Neft Fondunun cari ilin ilk 10 ayında 5 milyard 919,4 milyon dollar məbləğində valyuta satdığını bildirib. Onun sözlərinə görə, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 3 milyard 379,9 milyon dollar, yəni 2,3 dəfə çoxdur. O, həmçinin Mərkəzi Bankın valyuta ehtiyatlarının bu müddət ərzində 241 milyon dollar azaldığını qeyd edib.

Ekspert hesab edir ki, manatın məzənnəsini inzibati üsullarla sabit saxlamaq getdikcə daha çətinləşir.

Globalinfo.az-a danışan keçmiş maliyyə naziri Fikrət Yusifov isə, Neft Fondunun valyuta satışından əldə edilən vəsaitlərin əsasən dövlət büdcəsinin gəlirlərinin formalaşdırılmasına yönəldildiyini bildirib. Onun fikrincə, cari ilin ilk 10 ayında valyuta satışının ötən ilə nisbətən bu qədər artmasının müxtəlif səbəbləri ola bilər.

“Bu artımın səbəbləri məlum olmadıqca, valyuta satışının niyə yüksəldiyini dəqiq izah etmək çətindir. Ola bilər ki, dövlət büdcəsində yaranmış profisit səbəbindən Neft Fondundan transferlər müəyyən dövrlərdə gecikdirilib. Bunu daha ətraflı anlamaq üçün vəziyyəti tam bilməliyik,” - deyə Yusifov əlavə edib.

Fikrət Yusifov, həmçinin, Mərkəzi Bankın manatın sabitliyini ən azı gələn ilin sonuna qədər qoruyacağını bildirib: “Daha sonra atılacaq addımlar isə dünya iqtisadiyyatında baş verən proseslərdən və neftin qiymətlərindən asılı olacaq. Bu çərçivədə bir faktı nəzərə almalıyıq - Azərbaycan milli valyutanı üzən məzənnəyə keçirməyi planlaşdırmalı və Ümumdünya Ticarət Təşkilatına üzvlüyü düşünməlidir.”

Seçilən
34
1
bakuinfo.net

2Mənbələr