AZ

Ermənistan XİN-dən konstitusiya ilə bağlı mühüm açıqlama

Ermənistan Xarici İşlər Nazirliyi Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyevin Azərbaycan-Ermənistan sülh prosesi ilə bağlı açıqlamasına münasibət bildirib. 

“Cebheinfo.az” xəbər verir ki, bu barədə Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan “Azadlıq” radiosuna danışıb.

Qeyd edək ki, Fərid Şəfiyev Ermənistan hazırkı layihədən 3 maddənin çıxarılmasını təklif edib. Bu üç məsələ - Ermənistan Konstitusiyasında Azərbaycanın Qarabağ bölgəsi ilə bağlı ərazi iddiaları, beynəlxalq hüquqi müharibə və üçüncü ölkələrin qüvvələrinin Ermənistan-Azərbaycan sərhədinə yerləşdirilməsi ilə bağlıdır. 

“COP29 ərəfəsində Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin bağlanacağı gözlənilir. Lakin məndə olan məlumata görə, Ermənistan tərəfi bir müddət öncə çərçivə razılaşmasını imzalamaqdan imtina edib”, - deyə Fərid Şəfiyev bildirib. 

Politoloq “X” sosial şəbəkəsində 3 məsələdən birincisinin həm sülh müqaviləsi, həm də Cənubi Qafqazın gələcək təhlükəsizliyi baxımından fundamental əhəmiyyətə malik olduğunu yazıb:

“Erməni xalqının Azərbaycana qarşı ərazi iddiasından imtina edilməsi ilə bağlı aydın ifadə edilmiş iradəsi olmadıqca Ermənistandakı istənilən növbəti hökumət 2020-ci ildən öncəki vəziyyətə qayıtmaq üçün gücə əl ata bilər.

İkinci məsələ, tərəflərin sülh prosesinə qoşulmağa hazır olmasının çox yaxşı indikatorudur. Görünür, Ermənistan yarımçıq sülh müqaviləsi imzalamaq arzusundadır və gələcəkdə üçüncü ölkələri, eləcə də diasporu cəlb etməklə diplomatik və hüquqi müharibəni genişləndirmək istəyir”.

Üçüncü məsələ, Avropa İttifaqının hazırda Ermənistan-Azərbaycan sərhədində yerləşdirilən, gələcəkdə hərbi missiyaya çevrilməsi istisna edilməyən mülki missiyası ilə bağlıdır.

Ekspertin fikirlərinə münasibət bildirən Vahan Kostanyanın sözləri Ermənistanın öz mövqeyindən dönmək istəmədiyini göstərir. 

“Hazırda bizim Azərbaycan Respublikası ilə demarkasiya edilməmiş sərhədimiz, problemlər olsa da, Ermənistan Respublikası Avropa İttifaqı müşahidəçilərinin Ermənistan-Azərbaycan dövlətlərarası sərhədinə cəlb edilməsinin təhlükəsizlik və sabitlik üçün vacib olduğuna inanır”. 

O, diplomatik mübahisələrlə bağlı suala belə cavab verib. 

“Ümumi prosesə və ümumi məntiqə baxmaq lazımdır. Ermənistan Respublikası üçün bu sazişdən əlavə, bir çox mühüm məsələlər, o cümlədən humanitar məsələlər də var ki, onları həll etmək lazımdır”.

Ermənistan Konstitusiyasına dəyişikliklərlə bağlı Fərid Şəfiyevin açıqlamasına münasibət bildirən xarici işlər nazirinin müavini Kostanyan bunu təkiz edib. O, razılaşdırılmış sənəddə belə bir bəndin olmadığını deyib.

“Ermənistan Konstitusiyanın dəyişdirilməsi ilə bağlı Azərbaycanla danışıqlar aparmır”, - deyə Kostanyan bildirib.

Kostanyanın açıqlaması Ermənistanın konstitusiya referendum keçirmək niyyətində olmadığını göstərir. Çünki Azərbaycan tərəfi bütün danışıqlarda Ermənistan Konstitusiyasından Qarabağa ərazi iddiasının çıxarılmasını əsas tələb irəli sürdüyünü rəsmi şəkildə dəfələrlə bəyan edib. Hətta Azərbaycan Ermənistan Konstitusiyasına dəyişiklik edilməsə, çərçivə sülh sazişini imzalamayacağını həm Ermənistanın, həm də sülh danışıqlarında iştirak edən üçüncü tərflərin nəzərinə çatdırıb.

Ona görə də Kostanyanın danışıqlarda bu məsələnin müzakirə olunmadığını deməsi diplomatın yalan danışdığını təsdiq edir. 

Seçilən
6
cebheinfo.az

1Mənbələr