AZ

Makron ABŞ və Avropa münasibətləri haqqında danışıb

Fransa prezidenti Emmanuel Makron Avropa Siyasi Birliyi (ASB) zirvəsində avropalıların təhlükəsizliklərini sonsuza qədər amerikalılara həvalə etməməli olduqlarını bildirdi. SİA-nın məlumatına görə, o, ASB-nin 5-ci zirvəsində çıxışı zamanı formatın Avropa İttifaqına (Aİ) rəqib olmadığını ifadə etdi.

Makron bu birliyə üzv ölkələrin fərqliliklərinin olduğunu, lakin ortaq maraqlarının da mövcud olduğunu vurğuladı. 20-ci əsrdə tarixin avropalıları ayırdığını deyən Makron "Sual budur: 21-ci əsrdə böyük Avropanın ortaq səhifəsini yazmaq istəyirikmi? Mən buna dərindən inanıram. Strateji və geosiyasi birliyin burada yazılmalı olduğuna inanıram" ifadələrini işlətdi.

Fransa prezidenti müharibənin yenidən Avropaya yönəldiyini qeyd edərək Rusiya-Ukrayna müharibəsinə və Ermənistan ilə Azərbaycan arasındakı münasibətlərə toxunub. Dünyada bir tərəfdə ABŞ digər tərəfdə isə Çin olmaqla iki blokun olduğunu bildirərək bu iki ölkənin əsasən öz maraqlarını düşündüyünü vurğulayıb.

Makron çıxışını belə davam etdirdi: "Bizim vəzifəmiz Donald Trampın seçilməsini şərh etmək deyil. O, Amerika xalqı tərəfindən seçilib və amerikalıların maraqlarını müdafiə edəcək. Bu, qanuni və düzgün bir şeydir. Məsələ budur ki, avropalıların öz maraqlarını müdafiə etməyə hazır olub olmadığını bilməliyik."

Avropanı öz maraqlarını qorumağa çağıran prezident iqtisadiyyat, texnologiya və müdafiə sahələrində seçimlərini başqalarının ixtiyarına buraxmaq istəmədiklərini vurğuladı. O, bu torpaqlarda sülh, rifah və demokratik modelləri özlərinin idarə etməsini istədiyini ifadə edərək "Təhlükəsizliyimizi sonsuza qədər amerikalılara təhvil verməməliyik." dedi.

Rəsmi Moskvanın Rusiya-Ukrayna müharibəsini qazanmasının avropalıların ortaq marağına uyğun olmadığını müdafiə edən Emmanuel Makron "Ermənistan və Azərbaycan arasında bir anlaşma əldə etmək üçün əlimizdən gələni etməyin vacib olduğunu düşünürəm. Sülh anlaşmasının imzalanacağını ümid edirəm" deyə bildirdi.

Seçilən
41
sia.az

1Mənbələr