AZ

Zəfər tağlarının altında Azərbaycanın 4-cü əbədi ZƏFƏR GÜNÜ - FOTOLAR

Hər şey bu mesajla başladı: "Bütün cəbhə boyu qoşunlarımız əks-hücum əməliyyatına başlayıb".

27 sentyabr. Yuxudan qalxan kimi səhər yeməyi yemədən tələm-tələsik evdən çıxdım. Özümü saat 8:25-də Sumqayıt Avtovağzalına çatdırdım ki, işə gecikməyəm. Həmişə o saatlarda Bakı istiqamətində yol Xırdalan dairəsindən etibarən tıxaca bürünürdü. Xırdalan dairəsindəki tıxacı isə Masazır dairəsində olanda belə görmək mümkündür. Amma bu dəfə Bakı istiqamətində tıxac yox idi. Əksinə, Üzü Sumqayıt istiqaməti tıxaca bənzəyirdi. Çünki bu istiqamətdə heç bir maşın görünmürdü.

Masazır dairəsindən üzü Bakıya doğru olan yolda "Monza Palace" adlı restoran var, bu restorandan 30-40 metr irəlidə arxasındakı yük yerinin üstündə üzərinə iri hərflərlə "ADAMLAR" yazısı olan "Zil" maşınları asta sürətlə yoluna davam edirdi. Bu maşınları daha əvvəl də görmək mümkün idi, həmin vaxt görəndə bilirdik ki, yaxınlıqdakı poliqona təlimə gedirdilər. Bu dəfə vəziyyət tam fərqli idi. Bir neçə "Zil"in ortasında 3, ya 4 tank da üzü Sumqayıt istiqamətində irəliləyirdi. Bu, artıq bəzi şeylərin siqnalı idi. O tankları görənə qədər məsələnin ciddiyyətinin fərqində deyildim. Baxmayaraq ki, pandemiyanın yaratdığı çətinliklər, iyul hadisələrinin gündəmdəki istiliyi hələ davam edirdi, əhali torpaqların azadlığı uğrunda mübarizə üçün ayağa qalxmağa hər zaman hazır olsa da, böyük müharibənin bu qədər tezliklə başlayacağına ümid etmirdi. Ümid edilənlər bir kənara qoyuldu və reallıqlar danışmağa başladı...

O tankları görəndə yolda xəbər saytlarında yeniliklərə baxmağa çalışdım. İnternetdə nəsə problemlər yaşanırdı. "20 Yanvar" metro stansiyasına çatanda saat 09:15 idi. İnternet "özünə gəldi" və qarşıma məhz o rəsmi açıqlama çıxdı: "... əks-hücum əməliyyatlarına başlayıb".

Torpaqlarımızın azadlığı uğrunda mübarizə 1993-cü ilin dekabrında ümumilli lider Heydər Əliyevin tapşırığı ilə Horadizdən başlayıb. Oktyabr ayında hücuma keçərək Zəngilanın işğalını tamamlamağa çalışan erməni silahlı birləşmələri Azərbaycanın bu şəhərlərlə əlaqəsini tamamilə kəsməyə çalışırdı. Lakin bu dəfəki hücum qəfil Azərbaycan qoşunlarının əks-hücumu ilə cavablandırıldı. Dekabr ayında başlayan əməlliyatlar 1994-cü ilin yanvarın 6-da silahlı qüvvələrimizin qələbəsilə yekunlaşdı. Bu qələbə ordumuzda doğma yurda qayıdışın stimulu oldu. Bundan sonrakı bütün əməliyyatlar və döyüşlər ordumuzun qətiyyətli qalibiyyəti ilə nəticələndi.

Ard-arda Qarabağdakı yaşayış məntəqələrinin, şəhər və rayonların azad edilməsinin xəbərini ölkə başçısı, Prezident İlham Əliyev məhz özü əhaliyə ötürürdü. Kiçik kənd və qəsəbələrin işğalçılardan təmizlənməsi barədə məlumatlar isə hər dəfə prezidentin rəsmi "Twitter" hesabında paylaşılırdı. İlham Əliyevin bu sevinc dolu xəbərləri bu sosial şəbəkənin Azərbaycan seqmentində istifadəçi sayının artımına, hər gün, hər saat ölkə başçısının paylaşacağı cəbhədən yeni məlumatı səbrsizliklə gözləməsinə gətirib çıxardı. Vərdiş halına gəlmişdi artıq bu gözləmə.

8 noyabr 2020-ci il... İlham Əliyev xanımı birinci vitse-prezident Mehriban Əliyeva ilə birlikdə Fəxri xiyabanda ümumilli lider Heydər Əliyevin xatirəsinə ehtiramlarını bildirdikdən sonra Şəhidlər Xiyabanında Azərbaycan xalqına müraciət etdi. Müraciətin ilk cümləsi belə idi: "Böyük fəxarət və qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad edildi!"

Bəli, bu, böyük fəxarət və qürur hissi idi. Bütün Azərbaycan xalqı həmin an özü, əsgəri, prezidenti ilə qürur duydu. Düşmənin 4 ilə yaxın müddətdə işğal etdiyi şəhərləri, Azərbaycan əsgəri 44 günə geri qaytardı. Ermənilərin və onların havadarlarının bütün təxribatlarına rəğmən Ordumuz dəqiq cavab atəşləri ilə düşmənin canlı qüvvə və texnikalarını məhv elədi.

Birinci Qarabağ müharibəsi dövründə erməni terrorçularının əhalimizə qarşı törətdiyi murdar əməllərinin, yaşadıqları yurd-yuvanı tərk etmək üçün 10 saat verməyinin qarşılığında ordumuz həm qondarma qurumun əsgərlərinə müharibə qaydalarına uyğun davrandı, həm də mülki əhaliyə ümumiyyətlə toxunulmadı. Üstəlik Ağdam, Laçın və Kəlbəcərin Azərbaycana təhvil verilməsinə görə günlərlə vaxt tanıdı.

Müharibə bitər-bitməz Prezident İlham Əliyevin tapşırığı ilə Qarabağda tikinti və yenidənqurma işlərinə başlanıldı. Suqovuşan, Zəngilanın Ağalı kəndi, Cəbrayıl, Füzuli, Şuşa, Laçın artıq öz sakinləri ilə birlikdə özünün yeni dövrünə başlayıb.

1985-ci ildən Laçın işğal olunana qədər Zabux kəndində müəllim işləyən Sona Əbdülova saytımıza mesahibəsində deyib ki, həmin illəri xatırlamaq çox ağrılıdır:

"Mən 1982-ci ildə universiteti bitirdikdən sonra təyinatımı Laçına aldım. Burada müəllim işləməyə başlayanda ağlıma da gəlməzdi ki, bir müddət sonra yurd-yuvamızdan məhrum edilərik. 1992-ci ilin may ayının 15-i ermənilər rayonun bəzi kəndlərinə hücuma başladı. Biz məktəbdə uşaqlara dərs keçdiyimiz zaman atışma səsləri eşidildi. Məktəbin yaxınlığına bir yük maşını yaxınlaşdı, şagirdləri ona mindirib ərazidən uzaqlaşdıq. Sonra uşaqları ailələrinə təhvil verdik. Hamımız şəhəri tərk etməli olduq. 3 körpəm vardı. Şəhərdən çıxdıqdan sonra ailəmiz Saatlı rayonunda yerləşdi. 15 ilə yaxın burada yaşadıqdan sonra Sumqayıta köçdük. 2024-cü ildə bizə dedilər ki, Zabuxda eviniz hazırdır, istəsəz, gedə bilərsiz. Bir dəqiqə belə düşünmədik. Bəzi əşyalarımızı götürdük və kəndimizə yola düşdük. Bu nailiyyəti cənab Prezidentimiz İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsində əldə edə bilmişik. Allah şəhidlərimizin yerini cənnət eləsin, qazilərimizə sağlamlıq, ölkə başçısına uzun ömür arzu edirəm".

Sona müəllimənin timsalında, doğma yurda qayıtmağı səbrsizliklə gözləyən minlər, on minlər, yüz minlərlə Qarabağ sakini bir gün nə vaxtsa 8 noyabr zəfərinin sevinc dolu xəbərini eşidəcəyi günün həyəcanını duymağa can atır. Həmin gündən sonra dünyada Qarabağın, Şuşanın, Xankəndinin, Laçının, Ağdamın adı çəkiləndə, Azərbaycanın qələsbəsindən sonra artıq bu torpaqlarda beynəlxalq konfransların keçirilməsindən danışılır.

Azərbaycan xalqı artıq 4-cü ildir ki, Zəfər Gününü yaşayır. Bu gün Prezident İlham Əliyev paytaxtın Xətai rayonunda Zəfər parkının açılışını edib və Zəfər tağları ilə bağlı danışan ölkə başçısının əhaliyə müraciət edərkən işlətdiyi cümlə, düşünürəm ki, çox böyük əhəmiyyətə malikdir:  “Hündürlüyü də 44 metrdir, sütunlarının da sayı 44-dür. Bu parkda və indi tərtib olunan muzeydə bir çox önəmli rəmzlər var. Bu rəmzlər bizimlə əbədi olacaq. Bu Qələbə bizimlə əbədi olacaq. Azərbaycan xalqı bundan sonra qalib xalq, Azərbaycan dövləti müzəffər dövlət kimi yaşayacaqdır. Eşq olsun Azərbaycan xalqına, eşq olsun Azərbaycan Silahlı Qüvvələrinə, Qarabağ Azərbaycandır!”

Prezidentin bu nitqində vurğuladığı kimi, Azərbaycan xalqı əbədi qalib xalq kimi yaşamağa layiqdir və yaşayacaqdır!

Qeyd: Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə "Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük "Vətən Müharibəsi"ndə qazanılmış tarixi qələbə, Ermenistan tərəfindən törədilmiş sülh və insanlıq ələyhinə cinayətlər habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması" istiqaməti üzrə hazırlanıb.

FOTO QALEREYA
Seçilən
13
avtosfer.az

1Mənbələr