AZ

Moskvada 8 Noyabr - Zəfər Günü münasibətilə təntənəli qəbul keçirilib

Rusiyanın paytaxtı Moskvada 8 Noyabr - Zəfər Günü münasibətilə təntənəli qəbul keçirilib.

Ölkə.az "Report"a istinadən xəbər verir ki, Azərbaycanın Rusiyadakı Səfirliyində keçirilən qəbulda Türkiyə, Pakistan, Moldova, Belarus, Özbəkistan, Tacikistan və Qırğızıstanın səfirləri, Rusiya Liberal Demokrat Partiyasının lideri, Dövlət Dumasınının Beynəlxalq əlaqələr komitəsinin sədri Leonid Slutski, Moskvada akkreditə olunan hərbi-diplomatik korpusun üzvləri, tanınmış mədəniyyət və incəsənət xadimləri, jurnalistlər, eləcə də Rusiyanın 40-dan çox regionun azərbaycanlı diaspor rəhbərləri iştirak ediblər.

Azərbaycanın Rusiya Federasiyasındakı səfiri Rəhman Mustafayev salamlama nitqi ilə çıxış edib. O, çıxışı zamanı qeyd edib ki, Zəfər Günü hər bir azərbaycanlı üçün ən əziz bayramdır.

R.Mustafayev vurğulayıb ki, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycanda gələcək qələbəmiz üçün iqtisadi və enerji bünövtəsinin yaradılması prosesinə başlanılıb. Bu siyasəti gələcək qələbə üçün iqtisadi, diplomatik və hərbi hazırlıq kursunu götürən İham Əliyev davam etdirdi.

Səfir bildirib ki, bu gün əsas mövzu Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin bağlanması məsələsidir: "Biz erməni qonşularımızla böyük iş görmüşük, sülh müqaviləsinin bir çox müddəaları razılaşdırılıb. Amma əsas məsələlər nozamlanmamış qalır. Bu, Ermənistan Konstitusiyasında və onun bir sıra normativ sənədlərində Azərbaycanın suverenliyinə bilavasitə aid olan müddəaların olması faktıdır. Orada Qarabağla bağlı yazılan mövqelər bizim üçün qətiyyən qəbuledilməzdir. Biz finişə çatmaq və sülh müqaviləsini imzalamaq üçün bu sənədlərə dəyişiklik təklif və tələb etmişik. Bu prosesdə Rusiya ilə müttəfiq münasibətlərimizin böyük rolu var”.

R.Mustafayev qeyd edib ki, Cənubi Qafqazda sülh və firavanlıq, qonşularla yaxşı münasibətlər Azərbaycanın xarici siyasətinin prioritet istiqamətləridir: “Biz “3+3” konsepsiyasını, regionun üç ölkəsinin - Azərbaycan, Ermənistan və Gürcüstanın və üstəgəl 3 əsas qonşumuz olan Rusiya, Türkiyə və İranın qarşılıqlı fəaliyyətini təşviq edəcəyik. Biz eləcə də Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq üçün səylərimizi davam etdirəcəyik”.

Rusiya Federasiyasındakı Azərbaycan diasporunun nümayəndələri qarşısında çıxış edən səfir onları Azərbaycan və Rusiya arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi prosesində fəal iştirak etməyə çağırıb.

Tədbir çərçivəsində "Şuşa, Sən Azadsan" sənədli film nümayiş etdirilib.

Seçilən
0
6
olke.az

7Mənbələr