AZ

''Qalatasaray'' ''Tottenhem''ə gücünü göstərdi, Buruk yenə rekord qırdı

AL-in əsas mərhələsinin 4-cü turunun ən maraqlı oyunlarından biri İstanbulda keçirildi.

Bu mövsüm çox güclü və iddialı heyət quran ''Qalatasaray'' turnirin əsas favoriti ''Tottenhem''i qəbul etdi. Türkiyə çempionu əla oyunla fanatlarını sevindirdi. Yunus Akgünün baxımlı qol vurduğu və Osimhenin dubl etdiyi qarşılaşmada ''Cim-Bom'' 3:2 hesabı ilə qalib gəldi. Qonaqların 19 yaşlı gənc forvardı Lankşir ilk yarıda fərqlənməklə əsas komandada meydana çıxdığı 2-ci rəsmi oyunda qol hesabını açdı. Digər qolu aktivinə Solanke yazdı. Amma Lankşir 1 saatın tamamında ikinci sarı vərəqəni alaraq meydandan qovuldu və ''Tottenhem'' son yarım saatı azlıqda keçirdi. Oyunboyu rəqibindən bir baş üstün futbol sərgiləyən ''Qalatasaray'' matçı 28 (!) zərbə ilə tamamladı.

Sonuncu dəfə avrokuboklarda ''Tottenhem''ə qarşı oyunda qapıya bundan daha çox zərbəni 2011-də ''Real'' endirmişdi (36). İstanbul nəhəngi əsas mərhələdə keçirdiyi 3-cü ev oyunundan da qələbə ilə ayrılaraq xalını 10-a yüksəltdi. Maraqlıdı ki, ''Qalatasaray'' ''Elfsborq''un ardından ''Tottenhem''lə qarşılaşmada da ilk yarıya 3 qol sığışdırdı. Halbuki komanda bu turnirdə bu seriyaya qədər keçirdiyi ilk 24 oyunun heç birində fasiləyə qədər 3 top vura bilməmişdi. Ən əsası ''Qalatasaray'' dönəmində saysız-hesabsız rekordların müəllifi olan Okan Buruk növbəti dəfə adını tarixə yazdırdı. O məşqçi karyerasında AL-də keçirdiyi 16-cı oyunda 9-cu qələbəsini qazandı (2 heç-heçə, 5 məğlubiyyət). Bununla da Buruk 2009-dan bu yana AL adı ilə keçirilməyə başlandığı bu turnirdə ən çox qələbə qazanan türkiyəli məşqçiyə çevrildi. O hərəyə 8 qələbəsi olan Mustafa Rəşid Akçay, Aykut Kocaman və Şenol Günəşi geridə qoydu.

ƏLİ

Seçilən
35
football-plus.az

1Mənbələr