AZ

Qətər HƏMAS rəhbərliyini ölkədən çıxarır

Qətər hakimiyyəti ABŞ-ın tələbi ilə HƏMAS rəhbərliyini ölkədən çıxarmağa razılaşıb. Bu barədə CNN, “Reuters”, “Financial Times” və “Times of Israel” mənbələrə istinadən məlumat yayıb.

CNN yazır ki, təxminən iki həftə əvvəl Amerika rəsmiləri qətərli həmkarlarına HƏMAS liderlərinə sığınacaq verməyi dayandırmalı olduqlarını söyləyiblər. Telekanal mənbələri bildirir ki, təxminən bir həftə əvvəl Qətər bununla razılaşıb və terror qruplaşmasına məlumat verib. CNN qeyd edir ki, ABŞ rəsmilərinin tələbi HƏMAS liderlərinin ABŞ prezidenti Co Bayden üçün prioritet olan israilli girovların azad edilməsi ilə bağlı təkrar təklifləri rədd etməsindən sonra gəlib.

HƏMAS-ın yüksək rütbəli rəsmisi Qətərin qrup rəhbərliyini Dohadan qovmağa razı olması barədə xəbərləri “əsassız” adlandırıb. O, bunun “təzyiq taktikası” olduğunu söyləyib və əlavə edib ki, oxşar iddialar əvvəllər də sübut olmadan yayılıb.

HƏMAS liderlərinin Qətərdən tam olaraq nə vaxt çıxarılacağı və hara gedəcəkləri hələlik məlum deyil. CNN mənbələrindən biri bildirib ki, qrupa ölkəni tərk etmək üçün az vaxt verilib. Türkiyə mümkün variant kimi nəzərdən keçirilir, lakin ABŞ çətin ki, bu ssenarini təsdiqləsin. “The Times of Israel” qeyd edir ki, əvvəllər İran, Oman, Livan və Əlcəzair də variant kimi qeyd edilib, lakin bu ölkələr də ABŞ-ı qane etməyib.

HƏMAS rəhbərliyi 2012-ci ildən Suriya vətəndaş müharibəsi səbəbindən Dəməşqdəki qərargahını tərk etmək məcburiyyətində qaldıqdan sonra Dohada məskunlaşıb və ABŞ Qətər hakimiyyətindən terror qruplaşması ilə əlaqə kanalına çevrilməsini istəyib.

Seçilən
54
1
buta.media

8Mənbələr