AZ

Prime Cotton: Azərbaycanın pambıq sənayesində yeni ad

Prime
Azərbaycanın pambıq sənayesində aparıcı şirkətlərdən biri olan GP Cotton Holdingsin şirkəti olan MKT İstehsalat Kommersiya MMC rebrendinq edərək fəaliyyətini Prime Cotton MMC adı ilə davam etdirəcək. Bu addım, şirkətin son illərdə keçirdiyi modernizasiya və təkmilləşdirmə layihələri nəticəsində güclü korporativ kimlik və yenilənmiş imic formalaşdırmaq məqsədilə atılıb.
Prime Cotton-un loqosu təbiilik, keyfiyyət və korporativ dəyərlərini ifadə edir. Göy pambıq çiçəyi məhsulun təmizliyini, yaşıl rəng isə ekologiyaya bağlılığı vurğulayır. Dairəvi elementlər əməkdaşlıq və dəqiqliyi əks etdirir. Raleway fontunun sadəliyi və müasirliyi brendin etibarlılığını göstərir. Simmetrik dizayn isə təbiətə və insana hörməti ifadə edir. Loqo, Prime Cotton-un keyfiyyət və davamlı inkişafa bağlılığını vizuallaşdırır. Gələn il pambıq sənayesində 30 illik fəaliyyətini qeyd edəcək şirkət, uğurlu fəaliyyəti nəticəsində genişlənərək, ölkənin pambıqçılıqla məşğul olan 20 rayonundan 15-də fəaliyyət göstərir. Prime Cotton hazırda Azərbaycanda ən geniş əraziyə malik pambıq istehsalçısıdır. Uğurlu strategiyası sayəsində müəssisə son illərdə qeyri-neft sektorunda ən çox ixrac edən 10 şirkətdən biri olub və 2024-cü ilin ilk 9 ayında ixrac liderliyinin zirvəsində qərarlaşıb. Prime Cotton MMC, pambıqçılıqda əvəzsiz təcrübəsi, eləcə də dayanıqlılıq səyləri nəticəsində COP29 Qlobal Konfransında iştirak edəcək. Ziyarətçiləri GP Cotton Holdingsinin stendinə yaxınlaşıb Prime Cotton şirkətinin pambıqçılıqda tətbiq etdiyi dayanıqlı həllər və innovativ yanaşmalar barədə məlumat əldə edə biləcəklər. Şirkətin İcraçı direktoru Rövşən Mahmudov COP29 zamanı 14 noyabrda Yaşıl Zonada təşkil ediləcək “Daha Yaxşı Pambıq”, 21 noyabrda isə Göy Zonada baş tutacaq “Torpağın Sağlamlığı” tədbirlərində çıxış edəcək. Şirkətin İcraçı direktoru, Rövşən Mahmudov bildirib: “Dayanıqlılıq Prime Cotton-da strateji məqsədlərimizdəndir və bu istiqamətdə innovativ yanaşmaları tətbiq etməyə davam edəcəyik. COP29, dayanıqlılıqla bağlı təcrübələrimizi paylaşmaq və digər iştirakçılarla fikir mübadiləsi aparma üçün önəmli bir platformadır.” Prime Cotton, pambıqçılıq üzrə müasir texnologiyalı müəssisələr olan Bakı Tekstil Filialı, Sumqayıt Tekstil Filialı, Mingəçevir Tekstil Parkı və Şirvan Yağ Emalı Zavodu, həmçinin 11 rayonda Pambığın İlkin Emalı filialları və üç rayonda Məntəqə Tipli Filiallardan ibarət geniş infrastrukturu əhatə edir. Bundan əlavə, şirkət altı rayonda İnnovasiya Fermer Təsərrüfatı vasitəsilə ən müasir texnologiya və dayanıqlı pambıqçılıq təcrübələrini tətbiq edir. İnnovasiya Fermer Təsərrüfatları, yeni pambıq sortlarının məhsuldarlığını və dərmanların təsirini yeni texnologiyaların tətbiqi ilə sınaqdan keçirildiyi xüsusi təsərrüfatlardır. Məqsəd, ən son metodlarla keyfiyyətli məhsul istehsalını artırmaqdır. Bu təsərrüfatlarda beynəlxalq pambıq sortları sınaqdan keçirilir, nəticələr fermerlərlə bölüşdürülür. Yerli və beynəlxalq standartlara uyğun fəaliyyət göstərən şirkət istehsal etdiyi iplik, pambıq yağı və digər məhsulları Türkiyə, Rusiya, MDB, Avropa və Yaxın Şərq ölkələrinə ixrac edir. Redaktorlar üçün qeyd: Prime Cotton MMC, 25 ildən artıqdır ki, Azərbaycanda fermerlər və aqronomlarla birgə xam pambığın becərilməsi, tədarükü və emalı istiqamətində fəaliyyət göstərir. İstehsal zamanı davamlılıq və istehsalat xəttinin izlənilməsi müəssisə üçün əsas prioritetlərdir. Prime Cotton hər il 160000 ton xam pambıq, 65000 ton pambıq lifi, 5000 ton pambıq yağı və 30000 ton pambıq yemi istehsal etmək imkanına malikdir. Mingəçevir Tekstil Parkı (MTP), Prime Cotton-un törəmə şirkəti olaraq, hər il 6.000 ton açıq sonlu (OE spun), 8.500 ton Ring üsulu (RS) ilə iplik istehsal edir. Bu şaquli inteqrasiya olunmuş müəssisə açıq sonlu ipliklə yanaşı halqa iplik(RS) istehsalını dəstəkləyən toxuma və trikotaj üçün iki fabriki əhatə edir. Daha ətraflı məlumat üçün www.primecotton.az saytına daxil ola bilərsiniz. GP Cotton Holdings Azərbaycanın ən böyük pambıq və tekstil istehsalçısıdır. Bu şirkətlər qrupu pambığın becərilməsindən və yığılmasından tutmuş, emalı və geniş çeşidli geyim məhsullarının istehsalına qədər bütün tədarük zəncirini əhatə edir. GP Cotton 5000-dən çox insana iş imkanı verməklə yanaşı tərkibinə daxil olan GiLTEX və Prime Cotton şirkətləri vasitəsilə 10000-dən çox fermer və aqronomla yaxından əməkdaşlıq edir. Bu iki şirkət "tarladan köynəyə" qədər bütün prosesi əhatə edərək, keyfiyyət və məhsuldarlığa tam nəzarəti təmin edərək GP Cotton Holdings-in dünya miqyasında müştərilərinə yüksək keyfiyyətli məhsullar təqdim etmək imkanı əldə edir. GiLTEX MMC müxtəlif növ və rəngdə parça, həmçinin köynək, dəsmal, uniforma və yataq dəsti kimi hazır tekstil məhsullarının istehsalında ixtisaslaşıb. COP - Tərəflər Konfransı, BMT-nin İqlim Dəyişiklikləri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) illik toplantılarına aiddir. Bu konfranslar iqlim dəyişikliyinə qarşı mübarizədə irəliləyişi qiymətləndirmək və gələcək tədbirləri müzakirə etmək üçün dünyanın müxtəlif ölkələrindən nümayəndələri bir araya gətirir. Qarşıdakı COP29 konfransı 2024-cü ilin noyabr ayında Bakıda, Azərbaycanda keçiriləcək. Bu konfransın keçirilməsi Azərbaycanın qlobal iqlim təşəbbüslərində aktiv rolunu əks etdirir.

Reklam hüququnda

Seçilən
82
5
1news.az

6Mənbələr