AZ

Bayrağımızın rəngləri istiqlal ideologiyanın üç təməl prinsipini özündə ehtiva edir  

Bayraq hər bir millətin və milli dövlətin mühüm atributiv rəmzlərindən biridir. Başqa sözlə, müstəqil dövlətçiliyin mühüm göstəricilərindən biri olan bayraq bu və ya digər millətlərin, xalqların dövlətçilik ənənələrini, milli dəyərlərini əks etdirən atributdur.  Dövlət Bayrağı Gününün qeyd olunması Azərbaycan Xalq Cümhuriyyətinin tarixi ilə bağlıdır. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət Bayrağı ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, hökumətin iclasında qəbul edilib və iclasın keçirildiyi Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının binası üzərində qaldırılıb və 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olmuşdur. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət Bayrağı 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı olaraq təsdiq edilmişdir. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Azərbaycan SSR Ali Soveti qarşısında üçrəngli bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması haqqında vəsatət qaldırmışdır. 1991-ci il fevral ayının 5-də həmin vəsatətə baxılmış və Azərbaycan Respublikasının Ali Soveti “Azərbaycan Respublikasının Dövlət Bayrağı haqqında” Qanun qəbul edərək onu yenidən Dövlət Bayrağı elan etmişdir. 1991-ci il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktı ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən Dövlət Bayrağını bərpa etmişdir. Bayrağımızın rəngləri istiqlal ideologiyanın üç təməl prinsipini özündə ehtiva edir. Dövlət Bayrağındakı üç rəngin ifadə etdiyi və XX əsrin əvvəllərindəki milli istiqlal ideologiyamızın üç təməl prinsipini təşkil edən “Türkçülük, müasirlik və islamçılıq” düsturunun müəllifi görkəmli Azərbaycan mütəfəkkiri Əli Bəy Hüseynzadədir. Üç rəngli bayrağımız bizim azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncamla hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir.   Bu gün xalqımız və dövlətimiz tərəfindən yüksək hörmət və ehtiram göstərilən, milli mənsubiyyəti, müstəqilliyi, suverenliyi xarakterizə və ifadə edən Azərbaycan bayrağının ən yüksək zirvələrdən dalğalandırılması haqlı qürur və fəxarət hissi yaradır. İndi Azərbaycan bayrağı dünyanın ən nüfuzlu beynəlxalq təşkilatları və mötəbər məclislərində qürurla dalğalanır. Bu, Azərbaycan dövlətinin gücünü, qüdrətini və xalqımızın milli birliyini nümayiş etdirir. Ölkə başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə milli maraqlara uyğun müstəqil siyasət həyata keçirən, dinamik inkişaf yolunda əmin addımlarla irəliləyən, beynəlxalq mövqeyi mütəmadi olaraq möhkəmlənən, dünya miqyasında yüksək nüfuza malik olan və yerləşdiyi regionun lider dövləti kimi çıxış edən ölkəmizin üzərində əzəmətlə dalğalanan üçrəngli bayrağımız hər bir Azərbaycan vətəndaşının qəlbində qürur və fərəh hissi doğurur. Qürur və sevinc hissi ilə vurğulamaq gərəkdir ki, müstəqil Azərbaycan Cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tarix yazdı, qüdrətli Azərbaycan Ordusunun işğal altında olan torpaqlarımızı azad etməsi nəticəsində ölkəmizin ərazi bütövlüyü və tarixi ədalət bərpa olundu. Beləliklə, üçrəngli bayrağımız respublikamızın bütün guşələrində olduğu kimi, işğaldan azad edilmiş torpaqlarımızda da əzəmətlə dalğalanır.

Taleh MİRZƏYEV,

ADPU-nun İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinin müdiri

Seçilən
40
1
sabahinfo.az

2Mənbələr