“Kəpəz”in hücumçusu Orxan Əliyevin QOL.az saytına müsahibəsi
- “Sabah”la oyunda 1 xal qazandınız. 2:2-lik heç-heçəni necə şərh edərdin?
- Oyun gərgin keçdi. Hesabı erkən açdıq. Düzdür, “Sabah”ın da qol şansları var idi. Matçın gedişatında hesabda geri də düşdük. Şükürlər olsun ki, sonda xal qazana bildik.
- Maraqlıdır ki, həm qol vurdun, həm də avtoqol müəllifi oldun...
- İstəməzdim belə alınsın. Avtoqolun qeydə alındığı epizodda əvvəlcə topu çıxarmaq istəyirdim. Müdafiəçimiz daha cəld tərpəndi və uzaqlaşdırdığı top mənə dəyib qapıya daxil oldu.
- Demək olar ki, Azər Bağırovun gəlişindən sonra “Kəpəz” toparlanıb?
- Bəli, son oyunlar bunu göstərir. Artıq 7 xalımız var. İrəli gedirik. Çalışacağıq ki, bundan sonra da hamımız bir olaq və xallar qazanaq. Azarkeşləri sevindirmək üçün əlimizdən gələni etməliyik.
- Səncə, çempionatdakı fasilə “Kəpəz”in xeyrinə olacaq?
- Fasilə öncəsi son oyunu uduzmadıq. Bu səbəbdən də fasiləyə yaxşı əhval-ruhiyyədə gedirik. İndi əvvəlcə istirahət etməliyik. Daha sonra çalışmalar başlayacaq. Düşünürəm ki, fasilə bizə faydalı olacaq.
- Fasilədən sonra ilk oyun sabiq klubun “Araz-Naxçıvan”a qarşı olacaq. Həmin matçdan gözləntilərin nədir?
- Hazırda həmin oyun barədə düşünmürük. Bir neçə gündən sonra sırf “Araz-Naxçıvan”la oyunun hazırlıqlarına başlayacağıq. Məşqçilər korpusu rəqibi analiz edəcək, bizə lazımi məlumatları çatdıracaqlar. Yaxşı, maraqlı oyun olacaq. Meydana qələbə üçün çıxacağıq.