AZ

“Krasnodar”ın liderliyi və qələbə seriyası davam edir - TURUN ŞƏRHİ

Tur Mosva “Dinamo”su ilə “Rostov” arasındakı heç-heçə ilə start götürdü. Sentyabrın 1-dən bəri 3 xala həsrət qalan “Rostov”un qələbəsiz seriyası 7 oyuna yüksəldi. Bu, Valeri Karpinin dönəmindəki antirekordun təkrarı deməkdi.

“Zenit”lə Mahaçqala “Dinamo”sunun premyer-liqa çərçivəsindəki ilk duelində piterlilər evdə çətin qələbə qazandılar. Ümumiyyətlə, “Zenit” elitada ilk dəfə qarşılaşdığı rəqiblərlə oyunlarda qələbə seriyasını 13-ə çatdırdı (top fərqi – 32:3). Komanda sonuncu dəfə belə oyunda 2005-ci ildə “Tom”a uduzub. Gənc ulduzu Batrakovsuz oynayan “Lokomotiv” fanatlarını uzun müddət intizarda saxlasa da, son anlarda “Rubin”in müqavimətini qırmağa müvəffəq oldu. “Loko” bu mövsüm hesabı açdığı və hesabda öndə olduğu oyunlarda xal itirməyən yeganə komandadı (10 oyun, 10 qələbə).

Turun mərkəzi oyununda Moskvanın iki nəhəngi – ÇSKA ilə “Spartak” üz-üzə gəldi. “Hərbçilər” az da olsa, favorit hesab olunurdular. Amma bu oyun “derbidə favorit olmur” fikrini bir daha sübut etdi. “Spartak” fasilədən sonra vurduğu qollarla qalib gələrək turnir cədvəlində ÇSKA-nın önünə keçdi. ÇSKA 56-cı dəqiqədə Roşanın, 85-ci dəqiqədə Oblyakovun qırmızı vərəqəsi üzündən oyunu 9 nəfərlə tamamlamalı oldu. Qonaqlarda isə Litvinov bir saatın tamamında komandasını azlıqda qoydu.

Bu komandalar arasında sonuncu dəfə ən azı 3 qırmızı vərəqənin göstərildiyi duel 2000-ci ilə təsadüf etmişdi. 2017-dən bəri ilk dəfə ÇSKA-nı səfərdə yenən “Spartak”ın bu rəqibə qarşı çempionatda məğlubiyyətsiz seriyası 5 oyuna yüksəldi. Murad Musayevin “Krasnodar”ı isə hələ də rəqib tanımır. Bu dəfə “öküzlər” evdə “Orenburq”u “kötəklədilər”. 14-cü turu da məğlubiyyətsiz tamamlayan və zirvəni əldən verməyən “Krasnodar”ın premyer-liqada qələbə seriyası 11 oyuna çatdı! Müstəqil Rusiya çempionatı tarixində yalnız ÇSKA-nın (iki dəfə) bundan daha yaxşı seriyası olub. “Hərbçilər” 1998-də ardıcıl 12, 2014-də isə ardıcıl 13 qələbə qazanıblar.

14-cü tur
Zenit – Dinamo Mh 2:1

Nino, 12 Qondu, 15 – Kaqermazov, 61
Zenit: Latışonok (Adamov, 34), Mantuan, Nino (Alip, 60), Yerakoviç, Santos, Barrios, Vendel, Pedro (Karavayev, 46), Qondu (Kassyerra, 46), Mostovoy, Sobolev (Yeroxin, 89).

Krasnodar – Orenburq 4:0
Pina, 38. Kozlov, 73. Spertsyan, 79. Kordoba, 88.
Krasnodar: Aqkatsev, Petrov (Qonsales, 69), Tormena, Kosta, Olasa, Pina, Çernikov (Kastanyo, 66), Batçi (Kobnan, 83), Spertsyan (Krivtsov, 83), Sa (Kozlov, 69), Kordoba.

ÇSKA – Spartak 0:2
Bonqonda, 45+1. Medina, 90+9.
ÇSKA: Akinfeyev, Qayiç (Kellven, 65), Diveyev, Roşa, Moyzes, Kruqovoy, Zdelar (Qlebov, 80), Kislyak (Pyaniç, 65), Oblyakov, Fayzullayev (Musayev, 65), Quarirapa (Koyta, 80).
Spartak: Maksimenko, Denisov, Litvinov, Babiç, Ryabçuk, Umyarov, Prutsev, Barko, Bonqonda (Duarte, 65), Markinyos (Manqaş, 90+3), Uqalde (Medina, 87).

Lokomotiv – Rubin 1:0
Timofeyev, 88.
Lokomotiv: Lantratov, Nenaxov, Nyamsi, Montes, Samoşnikov, Timofeyev, Karpukas, Sevikyan (Pinyaev, 56), Sarveli (Rakov, 67), Tiknizyan, Vorobyov (Süleymanov, 56).

Dinamo M – Rostov 1:1
Kutitski, 26 – Komliçenko, 24.
Dinamo: Lunyov, Kutitski (Dasa, 83), Balbuena, Mariçal, Fernandes, Fomin, Çaves, Nqamaleu (Qladışev, 84), Karraskal, Qomes (Mauhub, 76), Tyukavin.

Axmat – Nijni Novqorod 0:2
Boselli, 55. Yektov, 90+8.

Akron – Krılya Sovetov 2:0
Eskoval, 20. Dzyuba, 71.

Fakel – Ximki 1:1
Brahimi, 38 – Rudenko, 4.

1. Krasnodar 14 11 3 0 31-6 36
2. Zenit 14 10 3 1 31-6 33
3. Lokomotiv 14 10 1 3 28-17 31
4. Dinamo M 14 8 3 3 28-16 27
5. Spartak 14 7 4 3 21-12 25
6. ÇSKA 14 7 3 4 22-9 24
7. Rubin 14 5 3 6 16-21 18
8. Akron 14 4 4 6 19-26 16
9. Nijni Novqorod 14 4 3 7 14-24 15
10. Rostov 14 3 5 6 17-25 14
11. Dinamo Mh 14 2 6 6 7-13 12
12. Krılya Sovetov 14 3 3 8 12-21 12
13. Ximki 14 2 6 6 15-25 12
14. Fakel 14 2 6 6 9-21 12
15. Axmat 14 1 6 7 12-27 9
16. Orenburq 14 1 5 8 15-25 8

Bombardirlər: Batrakov (Lokomotiv), Kordoba (Krasnodar) – 8, Qluşenkov (Zenit) – 7.

Növbəti turun oyunları noyabrın 9-10-da keçirilib: Dinamo Mh – Orenburq, Rubin – Krasnodar, Axmat – Zenit, Dinamo M – Nijni Novqorod, Krılya Sovetov – ÇSKA, Lokomotiv – Fakel, Rostov – Ximki, Spartak – Akron.

Oyundan sonra
Marko Nikoliç, ÇSKA-nın baş məşqçisi:
“Zəif təsir bağışladıq. “Spartak” oyuna aqressiv başladı və bizdən daha çox hücum edirdi. Düzdü, sonradan üstünlüyü ələ aldıq. Amma həlledici məqamlarda düzgün qərarlar qəbul etmədik. Bonqondanın qolu faktiki oyunun taleyini həll etdi. İkinci hissədə emosiyaların ağla üstün gəldiyi anlar oldu. Sonra azlıqda qaldıq. Son anları, ümumiyyətlə, 9 futbolçu ilə keçirdik. Bu cür oyunlarda belə asanlıqla qırmızı vərəqələr almamalıyıq. Təəssüf ki, son turlarda oyunumuzda yaşanan eniş bu matçda da davam etdi. Stankoviçlə 35 ildən çoxdu tanışıq. Vaxtilə bir-birimizə qarşı da oynamışıq. Oyuna qədər münasibətlərimiz necə idisə, oyundan sonra da elə qalacaq”.


Deyan Stankoviç, “Spartak”ın baş məşqçisi:
“Bu, ölkənin əsas derbilərindən biridi. Hər derbi fərqli alınır. Futbolçular meydanda canlarını qoydular. Maraqlı oyun alındı. İlk dəqiqədən final fitinə qədər oyundan zövq aldım. Komandamla fəxr edirəm. Yaxşı təşkilatlanmış oyun sərgilədik. Necə lazım idisə, elə də oynadıq. Nikoliçlə bir-birimizə hörmətlə yanaşırıq. Onun komandasının da haqqını vermək lazımdı. Onlar da yaxşı təsir bağışladılar. Hakimlik haqda danışıb bu gözəl derbini korlamaq istəmirəm. Mən futbolçu kimi həm Roma, həm də Milan derbilərində iştirak etmişəm. Əsas odu ki, bu gün stadiona çoxlu futbolsevər gəlmişdi və onlar oyundan zövq aldı”.
Seçilən
74
football-plus.az

1Mənbələr