Niderland Krallığının Haaqa şəhərindəki Theatr de Vailantda Azərbaycanın Zəfər Günü münasibətilə tədbir konsert təşkil edilib.
“İki sahil” xəbər verir ki, tədbir Vətənimiz uğrunda qəhrəmancasına canlarını fəda edən şəhidlərimizin anımı, Azərbaycan və Niderlandın Dövlət himnlərinin səslənməsi ilə başlayıb.
Azərbaycan Prezidentinin fərmanına əsasən bu il Naxçıvan ili kimi qeyd edilir. Bu münasibətlə tədbirdə qədim Naxçıvan torpağının tarixi barədə məlumat verilib və film nümayiş etdirilib. Bir daha Şanlı Ordumuzun Zəfər salnaməsi yad edilib.
Tədbirdə Niderland, Almaniya və Azərbaycandan dəvət alan musiqiçilər konsert proqramı ilə çıxış ediblər. Xanəndə Nemətağa Əliyev öz əsrarəngiz ifası ilə qonaqları valeh edib. Almaniyada fəaliyyət göstərən Qafqaz rəqs qrupu tədbirə məxsusi gözəllik bəxş edib. Hər zaman olduğu kimi yerli musiqiçilərdən Firəngiz Bağırova, Elcan Rzayev, Emin Sadıqlı və digər musiqiçilər öz mahir ifaları ilə qəlbləri fəth ediblər.
Tədbirin ən kiçik və xüsusi iştirakçısı Əli Cəfərov böyük səhnədə ilk çıxışını müəllimləri Elcan Rzayev və Frəngiz Bağırova ilə etdi.
Qeyd edək ki, tədbir Azərbaycan Niderland Odlar Yurdu Cəmiyyətinin, Hollanda Azərbaycan Türk Kultur Dərnəyinin və AZSAB (Benilüks Azərbaycanlı tələbə və məzunları) gənclər birliyinin təşəbbüsü, təşkilatı və maliyyə dəstəyi ilə baş tutub.