ABŞ-nin Nyu-York şəhərində IV Beynəlxalq Bəstəkarlıq Müsabiqəsinin qala konserti baş tutub.
“Far.Az”un ABŞ bürosu xəbər verir ki, Nyu-Yorkun məşhur “Linkoln Mərkəzi”nin “Bruno Volter”zalında baş tutan konsertdə müsabiqənin təşkilat komitəsinin rəhbəri, tanınmış pianoçu, ABŞ-da fəaliyyət göstərən Milli Musiqi və Qlobal Mədəniyyət Cəmiyyətinin prezidenti, Azərbaycanın əməkdar artisti, beynəlxalq müsabiqə laureatı, fəlsəfə doktoru, professor Nərgiz Əliyarova çıxış edib.
N.Əliyarova rəhbərlik etdiyi Milli Musiqi və Qlobal Mədəniyyət Cəmiyyətinin Azərbaycan musiqisinin dünyada tanıdılması üçün təşkil etdiyi layihələrdən danışıb. O, dördüncü dəfə baş tutan Beynəlxalq Bəstəkarlıq Müsabiqəsinin qala konsertinin keçirilməsinə dəstək verən Diasporla İş üzrə Dövlət Komitəsinə təşəkkür edib.
Gecədə IV Beynəlxalq müsabiqənin münsiflər heyətinin sədri, “Julliard” məktəbinin bəstəkarlıq şöbəsinin müdiri, tanınmış bəstəkar Melinda Vagner müsabiqə haqqında öz təəssüratlarını bölüşüb, Azərbaycan musiqisini özü üçün kəşf etdiyini bildirib.
Azərbaycanlı sənətçi N.Əliyarova müsabiqədə birinci yerə layiq görülən amerikalı bəstəkar Kian Raeviyə fəxri diplom təqdim edib.
N.Əliyarova gecədə Azərbaycan bəstəkarlarının əsərlərini ifa edib. Proqramda ABŞ-da yaşayan gənc azərbaycanlı müğənni Aqil Süleymanov və MSM-in Kamera Musiqisi Ansamblı da iştirak edib.
Dinləyicilər ifaçıları böyük maraq və alqışlarla qarşılayıblar. Qeyd edək ki, IV Beynəlxalq Bəstəkarlıq müsabiqəsi Azərbaycan xalq mahnılarına həsr olunub. Müsabiqənin məqsədi plagiata məruz qalmış bir sıra xalq mahnılarımızın məhz Azərbaycan mədəniyyətinə məxsusluğunun dünya musiqi ictimaiyyətinə çatdırılması və onların geniş təbliğinə xidmət edir. Müsabiqədə dörd qitənin 22 ölkəsindən bəstəkarlar iştirak edib. Müsabiqənin qalibləri sentyabrın 18-də Azərbaycanda Milli Musiqi Günündə elan olunub. Sentyabrın 28-də Bakıda Kamera və Orqan Musiqisi zalında Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində qaliblərin əsərlərinin premyerası keçirilib.