AZ

COP29 ərəfəsində nümayəndə heyətləri üçün logistik brifinq keçirilib - FOTO

Noyabrın 10-da Bakı Stadionunda təşkil olunan brifinqdə 500 nəfərə yaxın müxtəlif ölkələrdən gəlmiş nümayəndə heyətlərinin üzvləri iştirak edib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, brifinqdə COP29 Azərbaycan Əməliyyat Şirkətinin Koordinasiya Şurasının üzvü Şəhla Abbəkirova, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Konfrans İşləri şöbəsinin direktoru Vasim Mir və Protokol və Xarici Əlaqələr şöbəsinin nümayəndəsi Qreys Ann Smit, konfransın əməliyyat aspektləri ilə bağlı ən son məlumatları təqdim ediblər.

Brifinq zamanı, beynəlxalq iqlim konfransında iştirak edəcək yüksək səviyyəli qonaqların qarşılanması, nəqliyyat və yerləşdirmə məsələləri daxil olmaqla vacib məsələlər müzakirə olunub. Şəhla Abbəkirova COP29-un ilk günlərində keçiriləcək İqlim Fəaliyyəti üzrə Dünya Liderlərinin Sammiti çərçivəsində təşkil olunacaq əsas tədbir və görüşlər barədə məlumat verib və ölkə başçılarının yüksək səviyyədə qarşılanması üçün görülən hazırlıqlar haqqında danışıb. Həmçinin, brifinqdə COP29 Mavi və Yaşıl Zonalarındakı fəaliyyətlər, iaşə və digər məntəqələr haqqında ətraflı məlumat təqdim edilib, ziyarətçi axınının idarə edilməsi və müsbət təcrübənin təmin edilməsi istiqamətində aparılan işlər müzakirə olunub.

Brifinqin ikinci hissəsində isə nümayəndə heyətlərinin üzvləri sammitin təşkili, nəqliyyat şəbəkələri, viza prosedurları və digər mövzularda suallarını verib, cavablar alıblar.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Seçilən
1
32
milli.az

10Mənbələr