AZ

Cokoviç Yekun turnirindən kənarda qaldı

Serbiyalı tennisçi Novak Cokoviç zədə üzündən ATP-nin Turində keçiriləcək illik Yekun turnirində iştirak etməyəcəyini xəbər verib.

O, sosial şəbəkə hesabında bunları yazıb:

“Turindəki Yekun turnirinə vəsiqə qazanmaq böyük şərəfdi. Orda çıxış etməyi səbirsizliklə gözləyirdim, ancaq zədə üzündən gələn həftə korta çıxa bilməyəcəm. Məni orda görməyi planlaşdıran hər kəsdən üzr istəyirəm. Bütün həmkarlarıma əla turnir arzulayıram. Tezliklə görüşərik”.

“Böyük dəbilqə” turnirlərinin 24 qat qalibini Turin turnirində rusiyalı Andrey Rublev əvəz edəcək. İştirakçıların yekun siyahısı belədi: Yannik Sinner (İtaliya), Aleksandr Zverev (Almaniya), Karlos Alkaras (İspaniya), Daniil Medvedev (Rusiya), Teylor Frits (ABŞ), Kasper Ruud (Norveç), Aleks De Minaur (Avstraliya), Andrey Rublev (Rusiya).

Ehtiyat oyunçular kimi Qriqor Dimitrovla (Bolqarıstan) Stefanos Sisipasın (Yunanıstan) adı da iştirak ərizəsinə salınıb. Xatırladaq ki, turnir noyabrın 10-da start götürəcək və 17-də başa çatacaq. Ötən mövsüm finalda Sinneri məğlub edən Cokoviç Yekun turnirinin qalibi olmuşdu.

Yeri gəlmişkən, Sinner də güclü rəqibin turnirdə iştirak imkanını itirməsinə münasibət bildirib:

“Cokoviç İtaliya publikasına çox şey verib. Adamların onun oyununa baxmaq istəməsi tam normaldı. Təəssüf ki, Coko bizlə olmayacaq. Ancaq idman belədi, idmançıların hansısa turnirləri buraxması normal haldı. Əlbəttə, hər birimiz onun yoxluğunu hiss edəcəyik”.

Xatırladaq ki, serbiyalı ulduz oktyabrın 28-dən noyabrın 3-nə qədər Parisdə keçirilən “Masters” seriyalı turniri də eyni səbəbdən buraxmalı olmuşdu.
Seçilən
59
football-plus.az

1Mənbələr