AZ

"COP29-da iştirakımız yaxşı göstərici kimi özünü qələmə verməlidir" - MÜNASİBƏT BİLDİRİLDİ

"Prezident İlham Əliyevin çıxışı ilk növbədə böyük Türk Birliyinin, Türk Dövlətləri Təşkilatının dünya siyasətindəki, geosiyasi aləmdəki yerinə aiddir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Tofiq Abbasov deyib.

O bildirib ki, Prezidentin burada əsas qayəsi bundan ibarət idi ki, həm qarşıda duran vəzifələr müəyyən olunsun, digər tərəfdən də bizim əməkdaşlıq, birlik daxilində ikitərəfli, çoxtərəfli münasibətlərin inkişafı üçün zəmin yaradılsın: "Artıq biz görürük ki, dünya proseslərində xeyli təhlükəli meyillər yer alır, bəzi mürtəce qüvvələrin dağıdıcı fəaliyyəti var. Ona görə onların müqabilində Türk Birliyi gərək mütəşəkkilliyini, koordinasiyasını gücləndirsin. Təsadüfi deyil ki, 11-ci Zirvə toplantısının devizi iqtisadi inteqrasiya idi, rəqəmsal gələcəyə doğru, eləcə də hər bir üzv üçün təhlükəsizlik idi. Bunlar hamısı ayrılıqda, birlikdə demək olar ki, belə bir düstur formalaşdırır ki, ona söykənərək fəaliyyəti davam etdirməliyik. Mənə elə gəlir ki, burada Azərbaycanın öncül yeri görünür. O müəyyən olunub, ona bütün iştirakçı ölkələr hörmətlə yanaşırlar".

"Digər tərəfdən də Qırğızıstandan məlumat aldıq ki, növbəti qeyri-formal sammit Budapeştdə keçəcək. Macarıstanın rəhbəri artıq başa düşür ki, onların ölkəsini həm Avropa İttifaqında, həm NATO-da sıxışdırırlar. Bu ölkə suveren siyasət yürüdür, müstəqilliyini qoruyur. Heç bir ölkəyə imkan vermir ki, Macarıstana yuxarıdan aşağı baxsınlar. Macarıstan bildirir ki, onların seçimi Türk Birliyidir. Əgər Türk Dövlətləri Təşkilatında müşahidəçi qismində iştirak edirlərsə, ən yaxın zamanda tamhüquqlu üzv olacaqlar. Bu həm də ondan xəbər verir ki, bu təşkilatın özünün bir yol xəritəsi var. Biz çox təbii şəkildə hərəkət etmirik. Düşünülmüş tərzdə bütün hədəfləri müəyyən etmişik. Onlara doğru inamla addımlayırıq. Əlbəttə ki, burada Azərbaycan bir daha öz qardaş məmləkətlərinə fəallıq impulslarını ötürür.

Eləcə də bildiririk ki, COP29-da da iştirakımız yaxşı göstərici kimi özünü qələmə verməlidir. Çünki qardaş dövlətlərin hamısının rəhbərləri, siyasi elitaları bu hadisəyə köklənərək həm Azərbaycana özlərinin xüsusi münasibətlərini bildirmiş olacaqlar, həm də gündəmdə olan iqlim problemlərinə öz münasibətlərini bildirəcəklər. Fəaliyyət davam edir və biz yeni mərhələyə qədəm qoyuruq" - deyə o, əlavə edib.

Müəllif: Söylü Ağazadə
Seçilən
20
sia.az

1Mənbələr