AZ

Yolumuzu gözləyənlər...

Ötən həftə tarixi Azərbaycan şəhəri olan, hazırda isə İraqın tərkibində yer alan Kərkük şəhərində Türkiyə türkcəsində təhsil verən Məhəmməd Füzuli adına ibtidai məktəbin (ilk okul) Azərbaycan Respublikasının İraqdakı səfirliyi tərəfindən təmir edilməsi barədə yayılan xəbərlər məni həddindən artıq sevindirdi.

Səfirliyimizin bu addımı gerçəkdən də böyük təqdirə layiqdir.

Bəli, nə yazıq ki, hər qonşuda bir parçası əsir qalan Azərbaycan torpaqlarından biri də Kərkük elidir, bizdən olub bizimlə olmayan doğmaca qardaşlarımızdan biri də Kərkük-Mosul-Telafer türkmanlarıdır.

Sayları təxminən 2,5-3,5 milyon civarında olan bu türkmanlar (Türkmənistan türkmənləri yox a, məhz Kərkük türkmanları) özlərini Azərbaycan türklüyünün bir parçası sayır. Daim ərəb-kürd əşirətlərinin basqıları altında yaşayan, haqqları qəsb olunan Kərkük türkmanları Azərbaycan və Türkiyənin dəstəyinə böyük ümidlər bəsləyirlər.

Lakin bu dəstək yetərli miqyasda deyil. İraq türkmanları özlərini sahibsiz, yetim toplum kimi hiss edirlər.

Jurnalist həmkarımız Araz Qurbanovun bu yaxınlarda Facebook hesabında paylaşdığı İraq türkmanlarının tanınmış şairlərindən biri olan Həsən Bərbəroğlunun Azərbaycana və Türkiyəyə həyəcan dolu müraciəti, harayı ürəkləri parçalayır.

Bakı və Ankara yolumuzu gözləyən Kərkük türkmanlarına qucaq açmalı, sahib çıxmalıdır. Füzuli adına məktəbin təmiri bu dəstəyin sadəcə ilk işartısıdır. Davamını gözləyək!

Bəybala Mirzəyev

visiontv.az



Seçilən
17
visiontv.az

1Mənbələr