AZ

"Neftçi" adına layiq olmayan futbolçularla yollarını ayırsa..." - Mircavadov kimə eyham vurdu?

"Neftçi" Samir Abasovun rəhbərliyi altında meydana çıxdığı 4 matçda 5 xal qazanıb. Dəqiq desək, "Səbail"i məğlub edən (3:1) "ağ-qaralar" "Sabah" (0:0) və "Şamaxı"yla (2:2) heç-hedə edib, "Araz-Naxçıvan"a uduzub - 0:1.

Bəs yeni baş məşqçi komandanın ümumi vəziyyətini yaxşı mənada dəyişə bilibmi? Həmçinin sabit və müsbət nəticələr üçün hansı yeniliklərə ehtiyac var?

Bu suallarla təcrübəli mütəxəssis, Ağasəlim Mircavadova müraciət etdik. Onun "Football-plus.az"a cavabı:

"Neftçi"nin problemi həddən artıq çoxdu. Samir Abasov hələ ki rotasiyalarla məşğuldu. Futbolçuları tanımağa, kimin nəyə qadir olduğunu anlamağa çalışır. Qış fasiləsində gedənlərin və qalanların adına aydınlıq gələcək. Baş məşqçinin hələ ki başqa yolu da yoxdu. Zamana ehtiyacı var. Amça bu o demək deyil ki, ancaq xal itirməlidi. "Neftçi" xalqın komandasıdı və qələbələr qazanmalıdı. İş orasındadı ki, komandada keyfiyyətli futbolçuların sayı azdı. Baxmayaraq ki, xeyli sayda legioner var. Əksəriyyəti komanda üçün faydalı deyil. Yerli oyunçuların da yaşı çoxdu. Hiss olunur ki, kollektivin yeniliyə ehtiyacı var. Samir Abasov da bunu anladı və gənc futbolçu Murad Məmmədova şans verdi. O da qol vurdu. Meydana belə oyunçuları buraxmaq lazımdı. Mənə elə gəlir ki, komanda qışa qədər belə davam edəcək. "Transfer pəncərəsi"ndə xeyli dəyişiklik olacaq və yalnız ondan sonra Samir Abasov iş görməyə başlayacaq".

Ağasəlim bəy "Neftçi"nin avrokuboklara yollanmaq ehtimalını belə dəyərləndirdi:

"Bunun üçün əvvəl xal ehtiyatı lazımdı. Komanda gərək dekabrın sonuna qədər azı altıncı pilləyə yüksəlsin. Belədə şansları arta bilər. Əks halda, çətin görünür. Yuxarı pillədə qərarlaşanlar xeyli irəliləyib. Düzdü, onlara çatmaq çətindi, amma hələ gec deyil. "Neftçi" adına layiq olmayan futbolçularla yollarını ayırsa, daha yaxşı olacaq. Samir Abasova uğurlar arzulayıram. Ona yalnız arzuladığı heyət lazımdı".

KƏNAN BAHADIR
Seçilən
15
football-plus.az

1Mənbələr