AZ

Vüqar Rəhimzadə: "Adını "müxalifət" qoyan, düşmən dəyirmanına su tökən bədnamlar mötəbər tədbirlərə qısqanclıqla yanaşırlar"

“Bu gün Azərbaycan bəşər tarixi üçün çox mühüm tədbirə, BMT-nin iqlim dəyişikliyi ilə bağlı bir nömrəli konfransı COP29-a ev sahibliyi edir. Bu, çox mühüm hadisədir və hamımızı, hər bir Azərbaycan vətəndaşını, eləcə də Azərbaycanın dostlarını ürəkdən sevindirir. Hər kəsi təbrik edirəm. COP29-un ölkəmizdə keçirilməsi Azərbaycana göstərilən böyük etimaddır. Azərbaycan müstəqilliyinin bərpasından sonrakı illərdə kifayət qədər uğurlu layihələrə ev sahibliyi edib, beynəlxalq konfransların reallaşdığı məkana çevrilib. Təkcə Bakı şəhəri deyil, regionlarımız da yetəri qədər uğurla inkişaf etməkdədir. Bunun nəticəsidir ki, Şuşa, Qəbələ kimi bölgələrimiz yaddaqalan tədbirlərə ev sahibliyi edib. COP29-un məqsədi hər bir dünya sakinini düşündürür. Bu gün onlarla ölkə prezidentlərinin, hökumət başçılarının, minlərlə qonağın iştirakı ilə COP29-un keçirilməsi Azərbaycanın dünyada artan siyasi nüfuzunun, iqtisadi gücünün göstəricidir. Bütün bunlara baxmayaraq, təəssüf ki, bir çox məqamlarda adını “müxalifət” qoyan, dağıdıcı, düşmən dəyirmanına su tökən bədnamlar Azərbaycanda keçirilən belə mötəbər, möhtəşəm tədbirlərə qısqanclıqla yanaşırlar. Buna sevinməyənlər yalnız və yalnız düşmən xislətlilər, Azərbaycanın düşmənlərinin dəyirmanına su tökənlər, radikal, dağıdıcı müxalifət  ola bilər. Onlar çirkin niyyətlərini hər zaman yerinə yetirmək üçün məqamlar axtarıblar, Azərbaycan əleyhinə fikirlər səsləndiriblər, çünki COP29 kimi mötəbər tədbirləri qəbul etmək, həzm etmək iqtidarında, gücündə deyillər”. 

 

Bu sözləri Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Vüqar Rəhimzadə deyib. 

 

Deputat bildirib ki, radikal, dağıdıcı ünsürlər hər zaman öz şəxsi maraqlarını dövlətin, millətin, xalqın maraqlarından üstün hesab ediblər: “Zaman sübut edib ki, onlar müxtəlif dönəmlərdə əməlləri ilə bunu ortaya qoyublar. İndi də çirkin məqsədləri üçün COP29-dan istifadə edərək bəzi fikirlər səsləndirilər ki, COP29-a gələn qonaqlar “siyasi fəaliyyətinə görə həbs edildiyi” iddia olunan şəxslərlə görüşsünlər. Bulanıq suda balıq tutmaq sevdasına düşüblər. Bu fikirləri səsləndirənlər ermənilərə və anti-Azərbaycan dairələrə xidmət edənlərin sirafişini yerinə yetirənlərdir. Belələri hər zaman cəmiyyətin qınağına tuş gələn məxluqlardırlar. Azərbaycanda heç bir siyasi məhbusun mövcudluğundan söhbət gedə bilməz. Azərbaycanda müəyyən cinayət törətmiş, cinayət əməlinə hüquq-mühafiz orqanları tərəfindən qiymət verilmiş məhkumlar var. Hər kəs törətdiyi cinayət əməlinə görə ədalətli hüquqi qiymətlə cəzasını alır. Belə şəxslər siyasi məhbus ola bilməzlər.  Azərbaycan tam demokratik, hüquqi dövlətdir. Hər zaman dövlətimizin ana məqsədlərindən biri beynəlxalq hüquqa söykənərək qarşıya qoyulan bütün hədəflərə çatmaq, demokratiyaya, beynəlxalq hüquqa, söz, fikir azadlığına ehtiram göstərməkdir. Bir daha vurğulayıram ki, Azərbaycanda hansısa siyasi məhbusun varlığından söhbət gedə bilməz”. 

 

Aytəkin Qardaşova  

Tarix: 11 Noyabr 2024, 12:50   
Seçilən
48
pravda.az

1Mənbələr