AZ

Qızı öldü, ikinci dəfə evləndi, yenə övladı olmadı... - "Bu, İslam Rzayevin taleyi idi"

Bu gün mərhum sənətkar İslam Rzayevin 90 illik yubileyidir.

Kulis.az Nadir Yalçının Xalq artisti haqqında yazısını təqdim edir.

Yaxın dostumun anası dünyasını dəyişir. Adətən, belə xəbərlər ani və kəskin olur, gözlənilmədən. Xəbəri alar-almaz dəfnin vaxtını və ünvanını öyrənirik. Bir-iki nəfər yığışıb dostumuzun dərdinə şərik olmaq üçün öz borcumuzu yerinə yetiririk– deyilən vaxtda qəbiristanlığa yollanırıq. Dəfndən sonra molla müqəddəslərin ruhuna salavat çəkir və sonda deyir: bivaris və bədvarislərin ruhuna salavat zikr eləyək…

Həmin an mollanın ən çox xatırlanmağa ehtiyacı olan və ən az yad edilənlərin ruhuna dua oxumaqla öz ağ saqqalının, buxara papağının haqqını verdiyini düşünürəm. Onun sözləri Necip Fazıl Kısakürekin “Ağlayın aşinasız, sessiz, can verenlere” misrası ilə həmahəngləşir. Necə də miskin və izaholunmazdır. Səssizliyin və kimsəsizliyin ifadəsinin təntənəsi!

Həmin dəfndən bir neçə gün sonra yayım şirkətlərindən birinin nömrəsini instaqram hesablarından götürüb zəng vurdum:

- Salam. Siz yutub platformasında görkəmli xanəndələrin, müğənnilərin rəsmi kanallarını yaradıb ifalarını keyfiyyətli şəkildə izləyicilərə təqdim edirsiniz. Mərhum sənətkarımız İslam Rzayevin ifalarından ibarət bir rəsmi kanal yaratmaq mümkündürmü? Mənim arxivimdə onun, demək olar ki, bütün səs yazıları var.

- Gərək övladlarından rəsmi şəkildə razılıq alaq.

Bir neçə saniyə tutulandan sonra cavab verdim:

- İslam müəllimin övladı yoxdur.

- Necə yəni?

- Yoxdur da…

- Bəs həyat yoldaşı?

- Dünyasını dəyişib.

- Bəs qardaş-bacısı?

- Onlar da dünyalarını dəyişiblər.

- Yox, bəy, belə alınmır. Sonra bizə problem yarana bilər. Rəsmiləşməlidir hər şey.

- Axı bu il onun 90 illiyidir.

- Nə edə bilərik?!

Mənim soyadım Rzalı olduğundan istədim özümü onun nəvəsi kimi təqdim edim, rəsmi razılıq verim. Amma etmədim, yəqin, mümkün olmazdı.

Bu zəngdən sonra hüquqşünas dostumla İslam müəllimin varisinin qanunla kim olduğunu müəyyənləşdirmək istədim. Ondan da çox qarışıq cavab alandan sonra mollanın dostumun anasının dəfnindəki salavatını xatırladım…

İslam Rzayev evi erməninin tapdağı altında olanda dünyasını dəyişən, sənətdə taleyi gətirsə də, həyatda bədbəxt sənətkar idi.

Qundaqda olanda atası müharibədə dünyasını dəyişir. 70-dən çox ölkədə konsert verərək dünyanı gəzən sənətkar hər yerdə atasının izini axtarır, sağ qalmasına ümidini itirmir. Sonradan səsi onu ucaldıqca ucaldır, yüzlərlə tələbə, konsertlər, maraqlı “zapis”lər, sonda öz ansamblı, habelə, fəxri adları, hörmət-izzət, bir sözlə, bütün şöhrətlər ona qismət olur, Prezident İlham Əliyevin İslam Rzayevə verdiyi “Şöhrət” ordeni isə sonuncu olur, ondan bir neçə il sonra dünyasını dəyişir…

Cavanlıqda Leyla adlı bir xanımla ailə həyatı qurur, ondan bir qızı dünyaya gəlir. Qızı kiçik yaşlarında xəstəlik səbəbindən dünyadan köçür. Bu ailənin taleyi də o dünyadan köçən qızla bərabər qaranlığa düyünlənir. Ömrünün sonuna qədər Leyla xanım İslam Rzayevin evində, onun maddi təminatı ilə yaşayır, nikahları da ölənə qədər pozulmur, amma Leyla xanım İslamsız yaşayır. İslam Rzayev həmin illər Tamara adlı xanımla tanış olur və sonacan onunla birgə ömür sürür. Tamaradan da övladı olmur. Əvəzində, Tamara xanımın övladlarını böyüdür, onlara toy edir, gün-güzəran qurur.

Bu keşməkeşli tale onun sənətinə zərrə qədər təsir etmir.

O həmin İslam Rzayevdir ki, Cəfər Cabbarlının pyesi, Fikrət Əmirovun bəstəsi əsasında ekranlaşdırılan “Sevil” filmi çəkilən zaman dahi bəstəkar əsərin proloqunun ifasını məhz İslam Rzayevə həvalə edir. Moskvada Niyazinin rəhbərliyi altında məşq zamanı İslam Rzayev proloqu oxuyub bitirəndə hamısı ruslardan təşkil olunmuş simfonik orkestrin üzvlərinin bəziləri göz yaşları ilə, bəziləri alqışları ilə, bəziləri isə donuq simaları ilə heyranlıqlarını ifadə edirlər. Hətta əli ilə onun boğazını yoxlayıb hansısa aparatın olub-olmamasını dəqiqləşdirmək istəyənlər də olur.

O həmin İslam Rzayevdir ki, Bağdadda qastrol səfərində olarkən onu Bağdad Muğam Teatrına aparırlar. Orada “Şur” oxuyan xanəndə yarıya qədər ifa edib dayanır. İslam Rzayev tez iradını bildirərək hələ beş guşənin oxunmadığını deyir. Bağdad xanəndələri təəccüblənərək bu beş guşəni İslam Rzayevin ifasında dinləyirlər və xahiş edirlər ki, Bağdadda qalıb onlara bütün muğamları öyrətsin. İslam Rzayev bunun mümkün olmadığını deyərək vətənə qayıdır. Gələn kimi Ramiz Mirişli və Arif Qazıyevlə görüşərək Bakıda muğam ocağı yaratmaq təşəbbüsü irəli sürür. 1989-cu ildə Muğam Teatrı yaradılır və İslam Rzayev ömrünün sonuna qədər Muğam Teatrının bədii rəhbəri vəzifəsində çalışır. İndiki Beynəlxalq Muğam Mərkəzini həmin Muğam Teatrının varisi adlandırmaq olar. Heydər Əliyev Fondunun Beynəlxalq Muğam Mərkəzini yaratmaq təşəbbüsü nəsillər, illər, səslər arasında körpü yaratdı. Həmin muğam ocağının foyesində sənətdə külüng vurmuş şəxsiyyətlərin büstlərini seyr elədikcə onların ruhuna və bu təşəbbüsün baiskarlarına minnətdarlıq hissi keçirirsən.

İslam müəllimin büstünü də, heykəlini də, adını da Füzulinin işğaldan azad olunmuş torpaqları, Sərdarlı kəndi gözləyir. O heykəl, o büst, o ad o torpaqlarda bərqərar olmalıydı. Bu, Azərbaycanın, Qarabağın, Füzulinin və nəhayət, İslam Rzayevin taleyi idi. Füzuli abadlaşır; o torpaqlarda İslam müəllimin heykəli də ucaldılacaq, büstü də qoyulacaq, oradakı küçələrin birinə adı da veriləcək. Axı bu onun taleyidir!

Noyabrın 11-i Xalq artisti, görkəmli xanəndə İslam Rzayevin anadan olmasından 90 il ötür. Onun Bakıdakı sonuncu yubiley tədbirində iştirak etmək arzusundayıq, nə yaxşı ki, 95, 100 illiyi azad və abad Füzulidə keçiriləcək…

Şirkətin əməkdaşı İslam müəllimin varisləri barədə soruşanda “övladı yoxdur” demişdim. Səhv demişəm, düşünməmiş cavab verdiyimə görə ruhu məni bağışlasın. O nə bivarisdir, nə də bədvaris. İfaları İslam Rzayevin varisləridir, onu dinləyən və zövq alan hər kəs isə övladları… Bütün onu sevənlərin hansısa rəsmi razılıq verməyə mənəvi haqqı çatır.

Seçilən
67
kulis.az

1Mənbələr