ABŞ-nin yeni seçilmiş prezidenti Donald Tramp öz administrasiyasını formalaşdırmaq üçün kadrlarını seçir.
Trampın ikinci prezidentlik dövründə Azərbaycana və Ermənistana münasibətinin necə olması yeni hökumətdəki təyinatlardan asılı olacaq.
“Cebheinfo.az”-ın məlumatına görə, erməni analitik Arman Abovyanın məqaləsi bu baxımdan diqqəti cəlb edir.
ABŞ-nin Dövlət katibi postuna əsas namizədlərdən birinin Marko Rubio olduğunu qeyd edən müəllif onun ermənilərlə və Azərbaycanla bağlı mövqeyinə dair maraqlı məqamlar açıqlayıb.
Görünür, Florida ştatından senator, alovlu respublikaçı Marko Rubionun namizədliyi bu gün Dövlət Departamentinin rəhbəri vəzifəsinə ən çox ehtimal olunan namizəddir. Lakin hazırda respublikaçılar daxilində Rubio ətrafında nəhəng sövdələşmə gedir və Trampın onu bu vəzifəyə təyin edəcəyi dəqiq deyil.
Elə isə Marko Rubio kimdir?
1971-ci il mayın 28-də Mayamidə anadan olan Marko Antonio Rubio 2011-ci ildən Resbublikaçılar Partiyasının Florida ştatından senatorudur. 2019-cu ildən etibarən Senatın Biznes komitəsinə sədrlik edir.
Marko Rubio ABŞ-də homoseksual və transgender məsələlərinin təsirini məhdudlaşdırmaqla Amerika cəmiyyətində ənənəvi ailə dəyərlərini stimullaşdırmalı olan bir neçə qanun layihəsinin həmmüəllifidir.
Rubio həm də özünü hər zaman açıq şəkildə LGBT (Beynəlxalq Lezbiyan, Gey, Biseksual, Trans və İnterseks Assosiasiyası) təbliğatına və ABŞ məktəblərində və digər təhsil müəssisələrində transgender mövzusuna qarşı çıxan sərt katolik kimi göstərir.
Bir sözlə, o, sərt xristian prinsiplərinə üstünlük verən prinsipial antiliberaldır.
Eyni zamanda, Marko Rubio Rusiyaya maksimum təzyiqin tərəfdarıdır və özünü həmişə siyasi rusofob kimi göstərir.
Vaxtilə o, hətta Vaşinqtonda Rusiyanın ABŞ-dəki səfirliyinin yerləşdiyi “Viskonsin prospekti”nin adının dəyişdirilərək “Nemtsov Plaza” adlandırılmasını təklif etmişdi.
Rubio həmçinin Rusiyaya qarşı ən sərt iqtisadi və maliyyə sanksiyalarının tətbiqini müdafiə edib.
Postsovet məkanına gəlincə, Marko Rubionun da kifayət qədər maraqlı münasibəti var. Məsələn, “erməni məsələsi”nə Rubionun mövqeyi nöqteyi-nəzərindən baxaq.
Qeyd edilir ki, 2023-cü ildə Azərbaycan Ordusu Qarabağda antiterror əməliyyatı keçirdikdən sonra Marko Rubio ermənilər kütləvi şəkildə könüllü Ermənistana köçməsini “soyqırım” adlandıraraq baş verən prosesləri pisləyib.