AZ

Amorim “Mançester Yunayted”də işə nədən başlayacağını bildirdi

“Mançester Yunayted”in yeni baş məşqçisi Ruben Amorim “qırmızı şeytanlar”ın sükanı arxasında işə nədən başlayacağı haqda sualı cavablayıb.

Arena.az “The Athletic” dərgisinə istinadən, portuqal mütəxəssisin bu barədə fikrini təqdim edir:

“Mançester Yunayted”in mənim rəhbərliyim altında başlanğıcda necə oynayacağını bilirəm, axı işə məlum, tanış quruluşdan başlamaq gərəkdir. Sonra komandadakı futbolçulara, zədə vəziyyətinə, ayrı-ayrı oyunçuların hücum və müdafiədəki çıxışına uyğunlaşırsan. Mən bütün bunları yaxın bir neçə həftə ərzində öyrənəcəyəm. Məşq etməyə çox da vaxtımız yoxdur, ona görə də mən ən yaxşı bildiyimi ortaya qoyub göstərməliyəm”, deyə portuqal mütəxəssis vurğulayıb.

Xatırladaq ki, Amorim Lissabon “Sportinq”ində təhvil-təhsilini başa vurub, noyabırn 11-də “qırmızı şeytanlar”ın sükanını əlinə almalı idi. Hazırda bu məsələ hələ uzanır. Amorimin “Mançester Yunayted”in baş məşqçisi olaraq debütü noyabrın 24-də “İpsviç Taun”la oyuna təyin edilib.

Vurğulayaq ki, Amorim Avropanın ən perspektivli çalışdırıcılarından biri hesab edilir. “Sportinq”də Amorim Portuqaliya nəhəngləri “Benfika” və “Portu”ya divan tutan rəqabətəqadir kollektiv təsis edə bilib. Məhz bu amil “Mançester Yunayted”in Ruben Amorimi “qırmızı şeytanlar”a yeni baş məşqçi seçməsində əsas olub.

Ruben Amorim məşqçiliyə 2018/2019-cu illər mövsümündə “Kaza Piya” klubunda başlayıb. Bundan sonra gənc portuqal mütəxəssis “Braqa”nın “B” komandasını, ardınca isə əsas komandasını çalışdırıb. 2020-ci ilin mart ayında isə Amorim “Sportinq”in sükanı arxasına keçib. Portuqal mütəxəssisin Lissabon klubu ilə müqaviləsi 2026-cı ilin iyun ayının sonuna qədər qüvvə idi.

Amorim rəhbərliyi müddətində “şirlər”ə 2 dəfə Portuqaliya Premyer Liqasını (2020/2021, 2023/2024), 2 dəfə Portuqlaiya Liqa Kuboku (2020/2021, 2021/2022) və Portuqaliya Super Kubokunu (2021/2022) qazandırıb. Həmçinin Amorim “Braqa” ilə Portuqaliya Liqa Kubokunun (2019/2020) qalibi olub.

Portuqal mütəxəssislə qovuşmağa hazırlaşan “qırmızı şeytanlar” hazırda niderlandlı mütəxəssis Rud van Nistelroyun müvəqqəti rəhbərliyi altındadırlar. İngiltərə Premyer Liqasının 11 turundan sonra “Mançester Yunayted” 15 xalla yarış cədvəlinin 13-cü pilləsində qərarlaşıb.

Seçilən
62
7
arena.az

10Mənbələr