Yayda “Real”a transfer olunan fransalı superulduz ona bəslənən ümidləri doğrultmur. Çoxlarının fikrincə, məhz onun gəlişi ilə “Real”ın sistemi və oyunu pozulub. Aşağı məhsuldarlığa və zəif oyuna görə tənqid atəşinə tutulan Mbappe son vaxtlar Fransa yığmasında da problemlər yaşayır. Belə ki, “xoruzlar”ın baş məşqçisi Ddiye Deşam onu Millətlər Liqasının qarşıdakı oyunları üçün yığmaya çağırmamaq qərarına gəlib!
Fransa noyabrın 14-də evdə İsrail, noyabrın 17-də isə səfərdə İtaliya ilə qarşılaşacaq. Bu yerdə xatırladaq ki, 25 yaşlı futbolçu ötən ay da yığmanın oyunlarından kənar qalmışdı. Amma həmin vaxt bu, onun öz istəyi ilə baş vermişdi. Belə ki, Mbappe “Real”dakı karyerasına köklənmək istədiyindən Deşamdan onu yığmaya çağırmamağı xahiş etmişdi. Mbappe yığmanın kapitanı olduğundan onun bu addımı ölkədə birmənalı qarşılanmamışdı. 56 yaşlı Deşam Mbappeyə bu dəfə dəvət göndərməməsi ilə bağlı qərarını belə şərh edib:
“Mbappe ilə bu aralar bir neçə dəfə söhbətim oldu. Bu dəfə yığmaya qoşulmaq istəyirdi. Amma mən məhz belə qərar qəbul etdim. İndiki məqamda bu qərar hər kəs üçün faydalı olacaq. Başa düşürəm ki, bu sözlərim sizlər üçün kifayət deyil. Amma bundan artıq şərh vermək istəmirəm. Təbii ki, bu qərarım onu razı salmaya bilər. Amma yığma ilə bağlı qərarları mən qəbul edirəm. Mbappenin effektliliyi azalıb və buna görə tənqid olunur. O, qollarını vurub və bundan sonra da vuracaq. Bu vəzifədə uzun illərdi çalışıram. Hər kəsin fikrinə hörmətlə yanaşıram. Amma sonda özüm ən doğru hesab etdiyim qərarı verirəm”.
Mbappenin bu mövsüm “Real”da 15 rəsmi oyunda 8 qol, 2 məhsuldar ötürmə ilə yadda qaldığını bildirək.