“Liverpul”un müdafiəçisi İbrahima Konate “qırmızılar”ın baş məşqçisi Arne Slotun komandanın oyununda etdiyi dəyişikliklərdən danışıb
Arena.az xəbər verir ki, fransalı futbolçu bu məqama dair sualı belə cavablandırıb:
“Nəticələrimizə baxın, mövsümə çox yaxşı başladıq, amma məşqçiyə də çox təzyiq etmək istəmirəm. Hələ, mövsümün başlanğıcıdır. Sadəcə işləmək və günü-gündən yaxşılaşmaq gərəkdir. Mövsümün sonunda Slotun bizə necə təsir etdiyini qiymətləndirə biləcəyik”, deyə Konate vurğulayıb.
Xatırladaq ki, İngiltərə Premyer Liqasının 11-ci turunun “Aston Villa” ilə ev oyunu (2:0) “Liverpul”un baş məşqçisi Arne Slot üçün əlamətdar olub. Niderlandlı mütəxəssis “qırmızılar”ın sükanı arxasında Premyer Liqada keçirdiyi ilk 11 oyunda 9-cu qələbəsini rəsmiləşdirib. Beləliklə Arne Slot italyan həmkarı, hazırda “Real”ı çalışdıran Karlo Ançelottinin 15 il öncə, 2009-cu ildə “Çelsi”nin sükanı arxasında müəyyənləşdirdiyi nailiyyəti təkrarlamış olub.
11 turdan sonra “Liverpul” 28 xalla İngiltərə Premyer Liqasının yarış cədvəlinə başçılıq edir. “Qırmızılar” ən yaxın rəqibi “Mançester Siti”ni 5 xal qabaqlayırlar.
Arne Slot məşqçilik fəaliyyətinə 2016/2017-ci illər mövsümündə “Kambur” klubunda başlayıb. Sonra niderlandlı mütəxəssis “AZ Alkmar” (2019/2020) və “Feyenoord”u (2021/2024) çalışdırıb. Slot məhz bu iki komanda ilə uğurlu işi müqabilində adından söz etdirib.
Arne Slot “Liverpul”un sükanı arxasında cari ilin iyul ayından fəaliyyətdədir. “Qırmızılar” 46 yaşlı niderlandlı mütəxəssislə müddəti 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqavilə imzalayıblar.
Niderlandlı mütəxəssis “Liverpul”u 17 oyuna çıxarıb, 15 qələbə, 1 heç-heçə, 1 məğlubiyyət yaşayıb, “qırmızılar”ın top fərqi isə 39:10 nisbətindədir.
Arne Slotun qənimətlər muzeyində “Feyenoord”la qazandığı Niderland çempionluğu və Niderland Kuboku var.