AZ

"Azərbaycan itkisiz müstəqilliyini və suverenliyini təmin edə bilməzdi" - ŞƏRH EDİLDİ

"Ümummili lider Heydər Əliyev hakimiyyətdən getdikdən sonra keçmiş SSRİ rəhbərliyi tərəfindən Azərbaycana qarşı Ermənistanın fəaliyyətləri demək olar ki, daim dəstəklənib". Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.

O bildirib ki, bu proseslər 1988-ci ilin əvvəlindən xüsusilə geniş vüsət alıb: "Azərbaycanın Qarabağ iqtisadi rayonu ərazisində anti-Azərbaycan siyasəti artıq SSRİ rəhbərliyi səviyyəsində aşkar şəkildə dəstəklənməyə başlamışdı. Bu anti-Azərbaycan siyasətinin qarşısının alınması üçün 17 noyabr mitinqləri xüsusi əhəmiyyət kəsb edirdi. Keçmiş SSRİ və onun Azərbaycana təyin etdiyi rəhbərlər Azərbaycan xalqının tələblərini yerinə yetirmək əvəzinə onlara qarşı Gəncədə, Naxçıvanda və Bakıda toqquşmalara şərait yaratdılar. Qanlı toqquşmalar oldu, 160 nəfər yaralandı, 3 əsgər və 1 uşaq da həlak oldu. Bu tökülən qanlar Azərbaycanın müstəqillik uğrunda atdığı ilk addımlar oldu.

Azərbaycan heç bir zaman itkisiz nə müstəqilliyini, nə suverenliyini, nə də ərazi bütövlüyünü təmin edə bilməzdi. 1988-ci ilin bu günündən etibarən Azərbaycan xalqının öz maraqları naminə ayağa qalxması nəticəsində başlayan mübarizəsi keçən ilin sentyabrın 19-dan 20-nə keçən gecə keçirilən antiterror əməliyyatları ilə məntiqi sonluğuna çatdı".

"Digər tərəfdən isə Azərbaycan xalqının Milli Dirçəliş hərəkatının başlanması digər Sovet Sosialist Respublikaları İttifaqında yerləşən xalqlar üçün də impuls oldu. Keçmiş SSRİ rəhbərliyinin ermənilərə verdiyi dəstək və bu dəstəyə qarşı Azərbaycan xalqının sərt təpkisi az sonra böyük bir imperiyanın süqutu ilə nəticələndi. Başqa bir sözlə desək, qəhrəman xalqımız 90-cı illərdə əli yalın vəziyyətdə təpədən dırnağa qədər silahlanan Sovet İmperiyasının dağılmasında mühüm rol oynadı" - deyə o, əlavə edib.

Müəllif: Söylü Ağazadə
Seçilən
68
sia.az

1Mənbələr